
Azərbaycan və Türkiyə arasında gənclər və idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Bu barədə Primeinfo.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan və Türkiyə Gənclər və İdman nazirlikləri arasında mütəxəssis mübadiləsi çərçivəsində Türkiyə nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Nazir Fərid Qayıbov nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Görüşdə nümayəndə heyətinin üzvləri səfərin ilk günləri ilə bağlı təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, qonaqlar Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Azərbaycan Gimnastika Federasiyası, Milli İdman Tibb və Reabilitasiya İnstitutu, Bakı Atletika Mərkəzi və Azərbaycan İdman Akademiyası ilə tanış olublar. Səfərin növbəti günlərində isə digər idman obyektləri və qurumlarla tanışlıqlarının davam etdirilməsi nəzərdə tutulur.













