
Cəmi bir neçə saat davam edən sülh ümidi yerini yenidən hərbi gərginliyə verdi.
Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, İranın “Həzrət Xatəm əl-Ənbiya” mərkəzi qərargahı strateji Hörmüz boğazının yenidən silahlı qüvvələrin tam və sərt nəzarətinə keçdiyini elan edib. Tehran bu addımını ABŞ-ın sülh razılaşmalarına rəğmən davam etdirdiyi “dəniz quldurluğu” ilə əsaslandırıb.
İran tərəfi bildirib ki, sülh danışıqları çərçivəsində neft və ticarət gəmilərinin keçidinə “xoş niyyətlə” icazə verilsə də, ABŞ-ın dəniz blokadasını dayandırmaması və 21 gəmini geri qaytarması səbri daşırıb. Tehran Vaşinqtonu blokada bəhanəsi ilə “piratçılıq” etməkdə ittiham edib.
Boğazın idarəedilməsi yenidən hərbçilərin “əli tətikdə” rejiminə qaytarılıb. İran vurğulayıb ki, ABŞ öz gəmilərinin İran limanlarına giriş-çıxışına mane olmağı dayandırmayana qədər bu sərt rejim qüvvədə qalacaq.
Cəmi bir neçə saat əvvəl Hörmüzün açılmasına görə “Təşəkkür” edən Donald Trampın, eyni zamanda “blokada 100% qüvvədə qalacaq” israrı İranın bu sərt addımı atmasına birbaşa səbəb olub.
Boğazın yenidən bağlanması neft qiymətində ucuzlaşmanı bir neçə saatın içində heçə endirə bilər. Qlobal neft və qaz daşımalarının beşdə biri yenidən hərbi hədəf halına gəlib.
İslamabadda aparılan sülh danışıqlarının bu hadisədən sonra tamamilə iflas edəcəyi ehtimal olunur. Tehranın “piratçılığa cavab” olaraq boğazı yenidən qapatması, aprelin 21-də bitəcək atəşkəsin yerini böyük bir regional müharibəyə verə biləcəyinə dair ən ciddi siqnaldır.