Xəbər axtarın

Son axtarış nəticələri:

"Neftçi" 26 200 manat cərimələndi - AFFA

21.04.2026 12:45

"Neftçi" 26 200 manat cərimələndi - AFFA
AFFA “Neftçi” və “Zirə” klublarına qarşı ciddi sanksiyalar tətbiq edib.

Primeinfo.az xəbər verir ki, müvafiq cəza qərarları AFFA-nın İntizam Komitəsinin iclasında qəbul olunub.

Misli Premyer Liqasının XXVIII turu çərçivəsində baş tutan “Zirə” – “Neftçi” qarşılaşmasında qeydə alınan insidentlər hər iki komanda üçün ağır nəticələnib.

Belə ki, gərgin keçən matçda 5 futbolçusunun sarı vərəqə alması “Zirə”yə 700 manata başa gəlib. Bundan əlavə, oyunun 90+6-cı dəqiqəsində texniki zona qaydalarını pozaraq birbaşa qırmızı vərəqə ilə cəzalandırılan məşqçi Ağabala Ramazanova görə klub 2 000 manat, stadion ərazisində hakimə məxsus avtomobilə ziyan vurulması cari mövsümdə ilk dəfə qeydə alındığı üçün isə daha 3 000 manat cərimə ödəyəcək.

Həmçinin, komandanın məşqçisi Ağabala Ramazanova bir matçlıq diskvalifikasiya cəzası kəsilib və hakimin avtomobilinə dəymiş maddi zərərin “Zirə” tərəfindən ödənilməsi barədə qərar çıxarılıb.

Bu qalmaqallı qarşılaşmada “Neftçi”nin də beş futbolçusu hakimlər tərəfindən sarı vərəqə ilə cəzalandırılıb ki, bu da “ağ-qaralar”ın büdcəsinə 700 manatlıq ziyan vurub.

Paytaxt təmsilçisinin baş məşqçisi Yuri Vernidub oyunun 90+8-ci dəqiqəsində hakimin qərarına kəskin etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq bir oyunluq kənarlaşdırılıb, rəhbərlik etdiyi klub isə buna görə 5 000 manat cərimələnib.

Ukraynalı mütəxəssisin köməkçisi Dmitro Kara Mustafa da analoji səbəbdən bir matçlıq diskvalifikasiya edilib və bu addım Bakı təmsilçisinin hesabından daha 5 000 manatın silinməsi ilə nəticələnib.

Matçın 90+5-ci dəqiqəsində “Neftçi”nin oyunçusu Breno Almeyda da birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Növbəti görüşdə komandasına kömək edə bilməyəcək futbolçunun bu hərəkəti “ağ-qaralar”a 3 000 manat cərimə bahasına başa gəlib.

Bütün bunlarla yanaşı, qonaq komandanın azarkeşlərinin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi cəzasız qalmayıb. Cari mövsümdə bu hal artıq 7-ci dəfə təkrarlandığı üçün kluba 8 000 manat cərimə kəsilib. Fanatların meydana kənar əşyalar atması isə bakılıların büdcəsinə daha 4 500 manatlıq əlavə ziyan vurub.

Paylaş: