
Ukrayna Silahlı Qüvvələri Rostov vilayətinin Taqanroq şəhərində pilotsuz uçuş aparatlarının (PUA) layihələndirilməsi və istehsalı ilə məşğul olan “Atlant Aero” müəssisəsinə hücum edib.
Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, sözügedən şirkət “Molniya” tipli zərbə-kəşfiyyat dronları və “Orion” PUA-ları üçün ehtiyat hissələri istehsal edir.
Rostov vilayətinin qubernatoru regiona raket hücumunun edildiyini təsdiqləyib. Onun sözlərinə görə, Taqanroqda üç nəfər yaralanıb, kommersiya infrastrukturuna ziyan dəyib və anbarlarda yanğın baş verib.
Krasnodar diyarının hakimiyyət orqanları isə Yeysk şəhərində pilotsuz uçuş aparatlarının dəniz limanı yaxınlığına düşdüyünü bəyan ediblər. Rəsmi məlumata görə, xəsarət alan yoxdur və yanğın qeydə alınmayıb, lakin bir neçə evin pəncərələri sınıb.
Buna baxmayaraq, “ASTRA” kanalı il ərzində 4,5 milyon tona qədər taxıl, kömür və neft məhsullarının daşındığı Yeysk dəniz limanının ərazisindən tüstü yüksəldiyini xəbər verir.
Rusiya Müdafiə Nazirliyi gecə ərzində hava hücumundan müdafiə sistemləri tərəfindən Ukraynaya məxsus 13 pilotsuz uçuş aparatının vurulduğunu iddia edib.
