
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur.
Primeinfo.az xəbər verir ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 108 il ötür.
Bu bayram artıq altıncı ildir ki, işğaldan azad edilən ərazilərdə də qeyd olunur.
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyasının süqutu ilə ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb.
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi, dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski olub. Milli Şura 10 gün Tiflisdə fəaliyyət göstərdikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-rus qüvvələrindən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.
Müstəqil Azərbaycan Cümhuriyyəti 23 aylıq mövcudluğu ərzində böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. Qadınlara ilk dəfə seçki hüququnun verildiyi və qadın-kişi bərabərliyini təmin edildiyi Cümhuriyyətdə milli ordu quruculuğu, Milli Bankın yaradılması və milli valyutanın tətbiqi, demokratikləşmə, azad seçkilərin təşkili istiqamətində son dərəcə mühüm addımlar atıldı. Eyni zamanda, beynəlxalq əlaqələrin qurulması və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının de-fakto tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahatların həyata keçirilməsi və sair işlər müstəqil Azərbaycan Cümhuriyyətinin tarixi uğurları idi.
Azərbaycan Xalq Cümhuriyyətini (AXC) rəsmən tanıyan ilk dövlət Osmanlı İmperiyası olub (4 iyun 1918-ci il).
1918-ci il noyabrın 9-da M.Ə.Rəsulzadənin təklifi əsasında AXC-nin üçrəngli dövlət bayrağı qəbul edilib. O zamana qədər Cümhuriyyətin bayrağı yalnız qırmızı rəngdə idi.
AXC gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə mövcudluğunu cəmi 23 ay qoruya bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşevik Rusiyasının işğalına məruz qalaraq, dünyanın siyasi xəritəsindəki yerini müvəqqəti itirdi. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası heç vaxt yenilmədi və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən müstəqilliyini bərpa etdi.
Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixdə təsdiqlədiyi “Müstəqillik Günü haqqında” Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü elan edilib. Bu tarixə qədər 28 may Respublika Günü kimi qeyd olunub.
Müstəqillik Günü qeyri-iş günüdür və hər il bayram kimi qeyd olunur.