
Türkiyənin tanınmış aktyoru Kadir İnanır vəfat edib.
Primeinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə onun ailəsindən bildirilib.
Məlumata gorə, uzun müddətdir pnevmoniyadan müalicə olunan Kadir İnanır 77 yaşında xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
Aktyor mayın 15-də səhhətində yaranan problem səbəbindən İstanbulun Beşiktaş rayonundakı xəstəxanalardan birinə yerləşdirilib. İlkin tibbi müdaxilədən sonra həkimlərin qərarı ilə o, reanimasiya şöbəsinə köçürülüb.
Aparılan müayinələr nəticəsində K. İnanıra pnevmoniya diaqnozu qoyulub. Səhhəti ağırlaşdığından aktyor süni tənəffüs aparatına qoşulub. Həkimlərin bütün səylərinə baxmayaraq, Yeşilçamın əfsanəvi aktyorunun həyatını xilas etmək mümkün olmayıb.
K.İnanir 1949-cu ilin 15 aprelində Qara dəniz bölgəsinin Ordu şəhərində anadan olub. O, ümumilikdə 182 filmdə və 12 serialda rol alıb. Aktyor xüsusən “Selvi Boylum Al Yazmalım” və “Tatar Ramazan” filmlərində canlandırdığı obrazlarla böyük şöhrət qazanıb.

