Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda güclü külək: 2 nəfər təcili yardıma müraciət edib - TƏBİB

27.07.2026 13:08

Bakıda güclü külək: 2 nəfər təcili yardıma müraciət edib - TƏBİB

Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə iki çağırış qeydə alınıb.

Bu barədə Primeinfo.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanlarına təcili tibbi yardım briqadası cəlb olunub.

Saat 07:55 radələrində Səbail rayonu, Xəqani küçəsi ərazisindən qeydə alınan çağırış zamanı təcili tibbi yardım briqadası tərəfindən bir qadın Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Saat 10:25 radələrində Nizami rayonu, Atletlər kəndi ərazisindən qeydə alınan çağırış zamanı isə bir kişi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, instituta gətirilən şəxs güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalıbmış. Aparılan müayinələr nəticəsində pasiyentə sağ mil sümüyünün distal ucunun oynaqdaxili sınığı diaqnozu qoyulub. Həkimlər həmin şəxsə zəruri tibbi yardım göstərib və sınıq gips longetlə fiksasiya olunub. Pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Ona ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.

Nazirlik vətəndaşlara küləkli hava şəraitində iri ağacların, köhnə tikililərin və təhlükə yarada biləcək digər konstruksiyaların yaxınlığında dayanmamağı, zərurət olmadıqda isə açıq havada uzun müddət qalmamağı tövsiyə edir.

Paylaş: