Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı - VİDEO

10.09.2026 16:42

Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı - VİDEO

İlahiyyatçı Elşad Miri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin özəl təyyarəsinin olduğu ilə bağlı məlumat paylaşıb. O bu barədə, Türkiyənin “Asırlık Gece” sənədli filminin 6-cı hissəsinə istinadla yazıb. O qeyd edib ki, filmin 6-cı hissəsində Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri olan professor Mehmet Görmezin çevriliş günü Şeyxülislamın özəl təyyarəsini göndərmək istəməyindən danışılıb.

Primeinfo.az xəbər verir ki, Modern.az  məsələ ilə bağlı Şeyxülislam Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə ilə əlaqə saxlayıb.

Sayta açıqlamasında o, Elşad Miriyə təşəkkür edib:

“Mən Elşad Miriyə çox təşəkkür edirəm ki, belə bir məsələni xalqımıza çatdırır. O bununla, doğrudan da, Azərbaycan və Azərbaycan xalqının Türkiyə xalqının çətin günlərində də arxasında durduğumuzu bir daha xatırladıb. Şeyxülislam həzrətlərinin belə hərəkəti çox qənaətbəxşdir. Elşad Miri də bunu xalqın yadına salıb. Bizim qardaşlıq borcumuzdur ki, hər iki ölkə bir-birinin ərazisində olan problemlərdə bir-birinə dayaq olsun. Həmin dövrdə də qardaş ölkənin bir nümayəndəsi kimi şeyxülislam zəng edib, öz köməyini təklif edib”.

“Azərbaycandan bir başqa ölkə ilə danışanda “bizim” deyəndə Azərbaycan xalqının əmlakından, Azərbaycan xalqının adından danışılır. Azərbaycanda olan təyyarələr, bəli, bizimdir. 50-yə yaxın təyyarəmiz mövcuddur. Ölkə olaraq, çox güclüyük. O danışanda “mən xahiş edərəm”, yaxud “mən təşkil edərəm” deyə bilər. Bunu dəstək kimi deyib”.

C.Paşazadə şeyxülislamın özəl təyyarəsi olduğunu iddiaları qəbul etməyib:

“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər, bu, motosiklet deyil. Əgər varsa, dövlətdən öyrənin. Doğrudan da, Azərbaycan-Türkiyə qardaşlığı burada göstərilir. Hər birimiz imkanımız daxilində dəstəyə hazırıq. Söhbət bundan gedir. Başqa ölkədə tədbir olduqda dövlət şeyxülislam üçün təyyarə ayırır və öz kollektivi ilə lazımi şəkildə tədbirlərdə iştirak edir. Bu, dövlətin ona şəxsi yox, gördüyü işlər üçün yaratdığı şəraitdir. Bunu bütün Azərbaycan bilir” – o sonda vurğulayıb.

Xatırladaq ki, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı “Asırlık gece” adlı sənədli film yayımlanıb. 15 bölümdən ibarət sənədli filmin 6-cı hissəsində Türkiyənin Diyanət İşləri İdarəsinin keçmiş rəhbəri Mehmet Görmez çevriliş günü müsəlman dini liderlərin onlara kömək təklif etməsindən danışıb:

“Azərbaycan Diyanət İşləri başqanı zəng edib dedi ki, “mənim özəl təyyarəm var. 250 igidi toplayıb gətirsəm, işə yarayarmı?”.

İlahiyyatçı Elşad Miri sosial şəbəkə hesabında sözügedən videonu paylaşaraq haqqında bəhs edilən şəxsin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə olduğunu iddia edib.

Paylaş: