
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-iyul ayları ərzində təbii inhisar subyektlərinin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə dair rəsmi statistika təqdim edilib.
Primeinfo.az xəbər verir ki, bu barədə “Haqsız rəqabət sahəsində tənzimləmələr və təbii inhisar sahəsində dövlət nəzarəti” mövzusunda keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyev məlumat verib.
Bildirilib ki, hesabat dövründə quruma ümumilikdə 774 müraciət daxil olub. İstehlakçıların hüquqlarının qorunması üzrə aparılan tədbirlər nəticəsində bu müraciətlərdən 221-i təmin edilib, həmçinin vətəndaşlara 6 min manat vəsait qaytarılıb.
Daxil olan müraciətlərin sahələr üzrə bölgüsündə ilk yerləri kommunal xidmətlər tutur:
* Elektrik enerjisi xidməti: 215 müraciət
* Qaz təchizatı xidməti: 156 müraciət
* İçməli su xidməti: 110 müraciət
* Hava yolu nəqliyyatı xidməti: 61 müraciət
* Dəmir yolu nəqliyyatı xidməti: 60 müraciət
* Rabitə xidməti: 51 müraciət
* İstilik enerjisi xidməti: 43 müraciət
* Kanalizasiya xidməti: 11 müraciət
* Poçt xidməti: 6 müraciət
* Nəqliyyat xidməti: 4 müraciət
* Digər sahələr: 52 müraciət
Açıqlanan rəqəmlər göstərir ki, vətəndaşların ən çox narazılıq və ya müraciət etdiyi sahə elektrik və qaz təchizatı, ən az müraciət qeydə alınan sahələr isə poçt və nəqliyyat xidmətləridir.