
Dövlətlərin həqiqi niyyəti diplomatik bəyanatlarda deyil, atdıqları addımlarda görünür. İranın AzTV-ni “düşmən media” siyahısına daxil etməsi də təsadüfi inzibati qərar deyil. Bu addım Azərbaycanın suveren informasiya məkanına və müstəqil dövlət iradəsinə yönəlmiş siyasi münasibətin növbəti ifadəsidir. Əgər bir dövlət qonşusunun rəsmi televiziya kanalını “düşmən” elan edirsə, problem mediada deyil, həmin dövlətin siyasi düşüncə tərzində axtarılmalıdır.
Əslində, bu hadisə yeni siyasi xəttin başlanğıcı deyil, uzun illər müşahidə olunan siyasətin davamıdır. Qarabağ müharibəsi dövründə İranın tutduğu mövqeyə yönələn tənqidlər, Zəngəzur məsələsində nümayiş etdirilən yanaşma, Azərbaycana münasibətdə dini həmrəyliyin siyasi təsir alətinə çevrilməsi barədə irəli sürülən qiymətləndirmələr eyni strateji yanaşmanın müxtəlif təzahürləri kimi dəyərləndirilir. Xarici siyasətdə dostluq ritorikası ilə faktiki davranış arasında yaranan bu ziddiyyət artıq təsadüf deyil, siyasi qanunauyğunluq təsiri bağışlayır.
Bu mənzərəni İranın daxili siyasətindən ayrı qiymətləndirmək də mümkün deyil. İranda yaşayan milyonlarla azərbaycanlı türkün ana dilində təhsil hüququnun həyata keçirilməməsi ilə bağlı tənqidlər, Konstitusiyanın 15-ci maddəsinin tətbiqi ətrafında davam edən mübahisələr, milli fəalların qanunsuz həbsi, onlara qarşı edilən işgəncələr barədə beynəlxalq insan hüquqları təşkilatlarının hesabatları, Urmiya gölü ətrafında süni şəkildə yaradılmış ekoloji fəlakətin sosial nəticələri, eləcə də Azərbaycan mədəni irsinin məqsədli şəkildə dağıdılması və qorunmasına dair narahatlıqlar uzun illərdir gündəmdədir. Bu məsələlər yalnız insan hüquqları problemi deyil, eyni zamanda dövlətin etnik və mədəni müxtəlifliyə münasibətinin göstəricisi kimi qiymətləndirilir.
Paradoks ondadır ki, son zamanlar öz ictimaiyyətinə “qələbə” narrativi təqdim edən siyasi hakimiyyət eyni zamanda qonşu və müsəlman dövlətə qarşı qarşıdurma ritorikasını dərinləşdirir. Halbuki beynəlxalq hüququn ən fundamental prinsipləri suverenliyə hörmət, daxili işlərə qarışmamaq və qarşılıqlı etimaddır. Azərbaycan bu prinsiplərə sadiq qalmaqla yanaşı, milli maraqlarını qorumaq hüququna da malikdir. Dövlətlərarası münasibətlər emosiyalar üzərində deyil, qarşılıqlı hörmət və məsuliyyət üzərində qurulur. Hörmətin olmadığı yerdə isə qonşuluq yalnız coğrafi anlayış olaraq qalır.
Təbrizin simvolu və molla rejimi tərəfindən dağıdılan tarixi Ərk qalası.

Ərk qalası Elxani hökmdarının vəziri Əlişahın göstərişi ilə 1338–1345-ci illər arasında tikilmişdir (digər adı: Əlişah qalası).
Səftər Rəhimli, hüquq elmləri doktoru