Xəbər axtarın

Son axtarış nəticələri:

Bu yay üçün istirahət yerləri: ən bahalı və ən ucuz rayonlar - QİYMƏTLƏR

30.07.2026 12:14

Bu yay üçün istirahət yerləri: ən bahalı və ən ucuz rayonlar - QİYMƏTLƏR
Yay mövsümündə daxili turizm canlanır, minlərlə insan istirahət üçün ölkənin müxtəlif bölgələrinə üz tutur. Son illər hotellərlə yanaşı, günlük kirayə evlər də istirahət edənlərin ən çox üstünlük verdiyi seçimlərdən birinə çevrilib.

Mövsümün qızğın dövründə bəzi bölgələrdə qiymətlərin yüksəlməsi, digərlərində isə təklifin artması səbəbindən daha əlverişli seçimlərin yaranması müşahidə olunur. Eyni zamanda, dənizkənarı ərazilərlə dağ rayonları arasında həm qiymət, həm də tələbat baxımından fərqlər diqqət çəkir.

Maraqlıdır, bu yay günlük kirayə ev bazarında vəziyyət necədir?

Primeinfo.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, yay mövsümünün başlaması ilə regionlarda günlük kirayə ev bazarında canlanma müşahidə olunur və tələbat əsasən Bakıya yaxın, turizm baxımından inkişaf etmiş rayonlarda cəmləşir.

“Ən çox tələbat Qəbələ, İsmayıllı və Şamaxı rayonlarınadır. Daha sonra Quba və Qusar gəlir. Ənənəvi olaraq turist axını əsasən bu istiqamətlərdə müşahidə olunur. Qəbələ-İsmayıllı avtomobil yolunun demək olar ki, tam təmir olunması da bu il həmin istiqamətdə turist sayının əvvəlki illərlə müqayisədə artmasına təsir göstərib.

İkinci sırada Bakıdan nisbətən uzaqda yerləşən rayonlar gəlir. Bunlar əsasən Şəki və Lənkərandır. Sonrakı yerdə isə Xaçmaz rayonunun Nabran ərazisi qərarlaşır”.

Onun sözlərinə görə, hazırda ən aktiv və ən cəlbedici istiqamətlərdən biri Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasıdır:

“Şuşa, Xankəndi və Laçına maraq xüsusilə yüksəkdir. Bu istiqamətdə gediş-gəliş əvvəlki illərlə müqayisədə xeyli artıb.

Qiymətlərə gəldikdə isə, ən yüksək qiymətlər məhz Qarabağ zonasında müşahidə olunur. Bəzi sakinlər mövsümdən istifadə edərək öz evlərini günlük kirayəyə verirlər. Qiymətlər hətta artıq otel tariflərinə yaxınlaşıb. Günlük bir otağın qiyməti 150 manatdan başlayır.

İkinci qiymət qrupu İsmayıllı, Qəbələ və Şamaxı zonalarıdır. Bu ərazilərdə bir ailənin yerləşə biləcəyi evlərin qiyməti orta hesabla sutkalıq 100 manatdan başlayır. Qiymətlər evin yerləşdiyi əraziyə və şəraitinə görə dəyişir. Ucqar kəndlərdə və şəhər mərkəzindən uzaq nöqtələrdə 70-80 manata da günlük ev tapmaq mümkündür. Mərkəzi yollara yaxın və şəhər daxilində yerləşən evlərin qiyməti isə orta hesabla 110-120 manatdan başlayır”.

Ekspert həmçinin vurğulayıb ki, bu il əvvəlki illərlə müqayisədə Türkiyəyə səfər edənlərin sayında da azalma müşahidə olunur:

“Bildiyim qədər, bunun əsas səbəbi Türkiyədə Avropa turistlərinin sayının artması və bunun nəticəsində qiymətlərin yüksəlməsidir. Qiymət artımı yerli turistlərin həmin ölkəyə səfərinə təsir göstərib. Deyərdim ki, əvvəlki illərlə müqayisədə bu il Türkiyəyə gedən vətəndaşların sayı təxminən 10 faizə qədər azalıb.

Əksinə, Qarabağ və Şərqi Zəmgəzur iqtisadi zonasına marağın artması və xaricə getməyən vətəndaşların daxili turizmə üstünlük verməsi səbəbindən ölkədaxili turizmə tələbat yüksəlib və aktiv xarakter alıb. Eyni zamanda Bakı ətrafındakı dənizkənarı istirahət zonalarında qiymətlər pik həddə çatıb.

Bundan əlavə, Rusiyadan və ümumilikdə MDB ölkələrindən gələn turistlərin sayı son illərdə artıb. Orta hesabla ölkəyə ildə 2,5 milyon turist gəlir və bunun böyük hissəsi yay mövsümünə təsadüf edir. Yay aylarında bu göstərici təxminən 300-320 min nəfərə çatır. MDB ölkələrindən gələn turistlər daha çox Bakı ətrafındakı villa və fərdi evlərdə qalmağa üstünlük verirlər”.

E.Azadov onu da əlavə edib ki, hazırda qiymət baxımından ən əlverişli istiqamətlərdən biri Xaçmazın Nabran zonasıdır:

“Xaçmazın Nabran ərazisində son dövrlərdə çoxlu sayda ev, kottec və villa şəhərcikləri istifadəyə verilib. Təklif artdığı üçün qiymətlər aşağı düşüb. Hazırda qiymət baxımından ən əlverişli bölgələrdən biri məhz həmin zonadır”.

Paylaş: