
“Elektron siqaretlərdən istifadə hüceyrələrin DNT strukturunu zədələyə, ağciyər, qırtlaq və ağız boşluğu xərçənginin yaranma riskini artıra bilər”.
Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bunu rusiyalı həkim-otorinolarinqoloq Mariya Kuprina Rusiya mətbuatına açıqlamasında deyib.
Həkimin sözlərinə görə, xərçəngin konkret hallarını birbaşa elektron siqaretlərlə əlaqələndirmək hələlik mümkün deyil. Çünki onların insan orqanizminə uzunmüddətli təsiri tam öyrənilməyib. Bununla belə, mövcud elmi araşdırmalar ciddi narahatlıq doğurur.
Mütəxəssis bildirib ki, elektron siqaret mayelərinin əsas tərkib hissələri olan propilenqlikol və qliserin qızdırıldıqda asetaldehid və formaldehid kimi kanserogen maddələr əmələ gətirə bilir.
Bundan əlavə, elektron siqaret buxarında hüceyrələrə zərər verə bilən manqan, xrom, qurğuşun, nikel və alüminium kimi ağır metallar da aşkarlanıb.
Həkimin sözlərinə görə, buxarın tənəffüs edilməsi hava yollarının və qırtlağın selikli qişasını qıcıqlandırır, nəticədə xroniki iltihab proseslərinin inkişafına şərait yaradır.
Mariya Kuprina qeyd edib ki, elektron siqaret mayelərinin bəzi komponentləri DNT strukturunu zədələyərək hüceyrələrdə mutasiyaların yaranmasına və onların nəzarətsiz şəkildə çoxalmasına səbəb ola bilər.
O vurğulayıb ki, sağlamlıq riskləri elektron siqaretdən istifadə müddəti və intensivliyi, istifadəçinin yaşı, ənənəvi tütün məmulatlarından istifadə edib-etməməsi, eləcə də ətraf mühitin hava çirkliliyi səviyyəsindən asılı olaraq dəyişir.
Həkim sinə ağrısı, uzunmüddətli öskürək, səs batıqlığı və digər narahatedici əlamətlər yarandıqda vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edib.
Mütəxəssis sağlamlıq risklərini minimuma endirmək üçün həm elektron siqaretlərdən (veyplərdən), həm də bütün növ tütün məhsullarından tamamilə imtina etməyi məsləhət görüb.