
İyulun 18-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 116-cı teatr mövsümünün bağlanışı münasibətilə “Operetta inciləri” adlı konsert proqramı təqdim olunacaq.
Primeinfo.az xəbər verir ki, konsertdə Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Fikrət Əmirov, Süleyman Ələsgərov, Ramiz Mustafayev, Rauf Hacıyev, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Oqtay Kazımi və Sərdar Fərəcovun, eləcə də xarici ölkə bəstəkarları Rixard Ştraus, Frans Leqar, İmre Kalman, Alice Dona və Rikardo Koçantenin məşhur əsərlərindən seçilmiş ariya və duetlər səsləndiriləcək.
Dirijor, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin rəhbərlik etdiyi teatrın simfonik orkestrinin müşayiəti ilə keçirilən konsertdə Əməkdar artistlər Nadir Xasiyev, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Prezident mükafatçısı Ülviyyə Əliyeva, Firus Məmmədov, Mehriban Zaliyeva, Şaban Cəfərov, Eleonora Mustafayeva, Səmədzadə Xasiyev, Aydan Həsənova, Emin Zeynallı, Nərmin Əliyeva, Gültac Əlili, Əli Kərimov, Olqa Giorgiyeva, İlahə Rüstəmova və Orxan Hüseynli, eləcə də xor artistləri çıxış edəcək.
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.