
Adam 12 il həbsxanada oturur. Amma vaxtını hədər keçirmir! Nə fizika öyrənir, nə də dülgərlik. O, “zakonnik” yanaşması ilə Cinayət Məcəlləsindən maddələri əzbərləyir, məhkəmə sisteminin boşluqlarını saf-çürük eləyir və özünə virtual da olsa, bir “hüquq elmləri doktoru” mantiyası biçir.
Xanımlar və cənablar Yanılmadız, bəli odur – Kazım Abbasov, yaxud özünün bəzəkli pasport adı ilə desək “David Seliverstov”!

Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, o, 2022-ci ildə şərti azadlığa çıxıb. Cəza müddətinin bitməsinə hələ 2028-ci ilə qədər düz 6 il var. Məhkəmələrə qaçıb, “Amanın günüdür, şərti cəzamı ləğv edin!” iddiası ilə çıxış edib. Məhkəmələr isə femida tərəzisində bunun əməlini çəkib, bir ağızdan “Yox!” deyib, barəsindəki şərti cəza qüvvədə qalıb.
Normal adam nə edər?
Oturar evində, sakitcə çayını içər, 2028-ci ili gözləyər. Amma bizim “Bender” yox! O, daha böyük şou, böyük pullar həsrətindədir. Nəhayət, azadlığının ili çıxmamış, Davud ulduzunun parıltılı kölgəsi altında, 2023-cü ilin istidən ilanların qıvrıldığı bir günündə, hələ ki, o qədər də böyük olmayan bir otaqda təntənəli “teatr” qurulur. Səhnənin yuxarı başında bir poster var və üzərindəki hərf sırası hər kəsə mənəviyyat dərsi keçirir: “Sosial-iqtisadi həyatda qadın hüquqları”.
Posterin sağ küncündə, yuxarı başdan dairənin içindən kostyumlu, ağ köynəkdə, çərçivəsiz eynəkli, saçı daranmış, üzü təraş olunmuş foto var və altından “Hüquqşünas David Seliverstov” sözləri yazılıb!
Hələ bu harasıdır?
Tədbir haqda mətbuatda yayılan xəbərlər “David Seliverstov”un cəmi 1 il əvvəl cəza çəkdiyi 9 saylı Cəzaçəkmə Müəssisəsinə də gedib çatır. Xəbəri oxuyan türmə adminstrasiyası çaşbaş qalır – “Bu, Kazımbala deyil, 178.3.2? Kazım Elşən oğlu Abbasov?”
“Bu nə vaxt hüquq oxudu, nə vaxt hüquqşünas oldu” sualı da açıq qalır. Aradakı sükutu keçmişdə MTN-də şöbə rəisi olan dustaqlardan biri pozur – Nə istəyirsiz, “türmə akademiyası”nın fəxri doktorudur da…”
“David Seliverstov” fiqurunun ictimaiyyətə təqdim olunması və cəmiyyət arasında “etibarlı şəxs” imicinin formalaşdırılması təsadüfi və ya pərakəndə addımlarla deyil, kifayət qədər düşünülmüş və incə hesablanmış manipulyasiya mexanizmi üzərində qurulub. Bu prosesdə ən diqqətçəkən və maraqlı detallardan biri – Azərbaycan Vəkillər Kollegiyasının üzvü olan vəkillərin, o cümlədən vaxtilə Ruslan Qazıyev kimi tanınan, sonradan ad-soyadını Avraam Berman olaraq dəyişən vəkilin də qatılmasıdır. “David Seliverstov”un sağ tərəfdən boylandığı posterin sol küncünü Avraam Berman – Ruslan Qazıyev bəzəyir. Ortada isə deputat Anatoliy Rafailovun yaxın qohumu Gulmira Rafailovanın fotoları var. Yeri gəlmişkən, deputat Anatoliy Rafailovla o günlərdə çox yaxşı münasibətdə olan, onu “Magen David”in fəxri sədri elan edən “David Seliverstov” qaçaq düşdükdən sonra “topa” tutur.
Xeyriyyəçilik və hüquq pərdəsi altında qurulan bu parıltılı tamaşa, əslində “David Seliverstov”un gələcək maxinasiyaların təntənəli premyerası idi.
Tədbiri üzündə akademik ciddi-cəhdlə də o açır. Zalda kimlər var? Vəkillər Kollegiyasının üzvləri, deputatlar, media nümayəndələri… Hər kəs əl çalır, hüquqşünas “David” bəyin “dərin” mühazirəsinə qulaq asır. Zalda əyləşən 1-2 nəfəri çıxmaq şərti ilə kimsənin ağlına da gəlmir ki, mikrofona sarılan bu “beynəlxalq hüquq eksperti” cəmi bir neçə ay əvvəl dustaq forması geyinirdi və hazırda da Ədliyyə Nazirliyinin nəzarəti altında olan şərti məhkumdur!
“David Seliverstov” yaxşı bilir ki, bizim cəmiyyətdə 2 şeyə sorğu-sualsız inanırlar – bahalı pal-paltar geyinmiş birilərinə və dəbdəbəli zala. Adında “İsrail”, “Təl-Əviv” və ya “Magen David” olan beynəlxalq illüziyalar isə bu inamı birə beş artırıb.
Adam, sadəcə, “Magen David”i özünə qalxan edib və bir axşamın içində cəmiyyətə özünü “legitim hüquqşünas” kimi sırımağı bacarıb. Klassik status qurma əməliyyatı!

Bəs sonra nə oldu?
Bütün illüziyalar kimi “David Seliverstov”un da janqlyorluğu uzun sürə bilməzdi. Məhkəmələr şərti cəzanı ləğv etmədi, zərərçəkənlərin ah-vayı ərşə qalxdı, Musavat.com-a çatdı, dələduzluq əməllərinin üstü açılmağa başladı.
Və… “böyük hüquqşünas” birdən-birə yoxa çıxdı!
Hazırda 3 aydır ki, “David Seliverstov” qaçaq həyatı yaşayır. Gah o “Ben Qurion”da, gah da Gürcüstanda Jvari aşırımında görünür… hüquq-mühafizə orqanlarından gizlənməyə çalışır.
Kazım Abbasov – “David Seliverstov”un 4 illik azadlıq macərası göstərdi ki, bəzi adamlar üçün türmə cəza çəkmə müəssisəsi deyil, “Ostap Bender” Akademiyası”dır.
İndilik isə kino isə bitib! Bircə, Kazımbalanı ölkəyə gətirmək, ona “zəif yeri” olan Cinayət Məcəlləsini, xüsusilə 178.3.2 maddəsini bir daha “izah” eləmək qalır…