
CineMastercard kinoteatrlar şəbəkəsində baş rolun ifaçısı Məryəm Üzərlinin iştirakı ilə “İmrozda bahar” filminin qala gecəsi keçirilib.
Primeinfo.az xəbər verir ki, ilk dəfə Bakıya səfər edən aktrisa burada böyük sevgi və səmimi qonaqpərvərliklə qarşılanıb. Çoxsaylı pərəstişkarları onunla görüşü səbirsizliklə gözləyiblər.
Tədbirə maraq o qədər böyük olub ki, biletlər qısa müddət ərzində tamamilə satılıb. Qala gecəsi tamaşaçılara sevimli sənətçiləri Məryəm Üzərli ilə görüşmək, qonağımıza isə Azərbaycan tamaşaçıları ilə bir araya gəlmək fürsəti yaradıb. Pərəstişkarlarının səmimi sevgisi və gecənin isti atmosferi türkiyəli aktrisada xoş təəssüratlar yaradıb.
Bakıda səfəri çərçivəsində Məryəm Üzərli Heydər Əliyev Mərkəzini də ziyarət edib. Mərkəzin memarlığı və ekspozisiyası ilə tanışlıq aktrisada xoş təəssürat yaradaraq ona unudulmaz və müsbət emosiyalar bəxş edib.
Filmin maraqla gözlənilməsinin əsas səbəblərindən biri də Halit Ergenç və Məryəm Üzərlinin 15 ildən sonra yenidən böyük ekranda bir araya gəlməsidir. “Muhteşem yüz il” serialı ilə milyonlarla tamaşaçının sevgisini qazanan aktyorlar bu dəfə yeni bir kino layihəsində tərəf müqabili olublar.
Film haqqında qısa məlumat: Uzun müddətdir yaradıcılıq böhranı yaşayan yazıçı Arif redaktorunun məsləhəti ilə bir aylıq istirahət və ilham axtarışı üçün Gökçeadaya gəlir. Burada o, üç il əvvəl həyat yoldaşını və oğlunu itirmiş, tənha həyat sürən Sonya ilə tanış olur. Keçmişin ağrıları ilə mübarizə aparan Arif və Sonya arasında zamanla gözlənilməz bir yaxınlıq yaranır. Adanın sakit atmosferində bir-birinin həyatına toxunan bu iki insan itkiləri ilə üzləşərkən yenidən sevməyin və həyata bağlanmağın mümkün olub-olmadığını kəşf etməyə başlayır.
Filmdə baş rolları Halit Ergenç və Məryəm Üzərli canlandırıblar. Filmin rejissoru və ssenari müəllifi beynəlxalq kinofestivallarda tanınan işləri ilə seçilən məşhur türkiyəli kinorejissor Özcan Alperdir. Filmin istehsalı Sky Films şirkətinə məxsusdur. Prodüseri Emre Oskaydır.
“İmrozda bahar” filmi noyabrın 5-dən etibarən Cinema Distribution şirkətinin dəstəyi ilə Azərbaycanda eksklüziv olaraq CineMastercard kinoteatrlar şəbəkəsinin Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən kinoteatrlarında nümayiş olunacaq.

































