
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) nadir genetik xəstəlik olan ailəvi Aralıq dənizi qızdırmasından (FMF) əziyyət çəkdiyi iddia olunur.
Primeinfo.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı öz mənbəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, 30 yaşlı ifaçı sentyabrda xəstəxanaya yerləşdirildikdən sonra kəskin arıqlayıb və yüksək hərarətdən şikayət edib. Kanalın iddiasına əsasən, genetik testin nəticələri sənətçidə ailəvi Aralıq dənizi qızdırmasının olduğunu üzə çıxarıb. Hazırda onun ev şəraitində müalicə aldığı bildirilir.
Bu xəstəlik təkrarlanan yüksək hərarət, əzələ, oynaq və qarın ağrıları ilə müşayiət olunan irsi iltihabi xəstəlikdir. Tutmalar infeksiya olmadan da baş verə bilər.
Bununla belə, Coninin nümayəndəsi “Mash”a açıqlamasında müğənninin səhhətində heç bir problemin olmadığını bildirib. Beləliklə, xəstəliklə bağlı yayılan məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Qeyd edək ki, ailəvi Aralıq dənizi qızdırmasına daha çox Aralıq dənizi hövzəsində və Cənubi Qafqazda rast gəlinir. Xəstəlik irsi xarakter daşıyır və həkim nəzarəti altında müalicə tələb edir.