Xəbər axtarın

Son axtarış nəticələri:

“İçərişəhər”dən “Həzi Aslanov”a qatarlar birbaşa hərəkət edəcək

23.10.2026 12:13

“İçərişəhər”dən “Həzi Aslanov”a qatarlar birbaşa hərəkət edəcək
“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri tam yekunlaşdırılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Metropolitenin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev məlumat verib.

O bildirib ki, dalan yolunun təkrar istismara verilməsi ilə yaxın günlərdə “Həzi Aslanov–Əhmədli” mənzilində məkik hərəkət ləğv olunacaq:

“İçərişəhər–Həzi Aslanov” sahəsində qatarların hərəkəti təmirdən əvvəlki qaydada bərpa ediləcək. Beləliklə, Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyə təşkil edəcək. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

M.Rzayevin sözlərinə görə, 1981–1987-ci illərdə inşası aparılan yol dalanının konstruksiya izolyasiyası 20 ildən artıq istismar dövründə qrunt suları və torpaq erroziyası səbəbindən sıradan çıxıb, güclü korroziyaya uğrayıb:

“Aparılan kompleks yenidənqurma çərçivəsində tavan istisna olmaqla, ümumi uzunluğu 1 km-ə yaxın olan dalanın bütün infrastrukturu tam sökülərək yenidən inşa edilib. 6 vaqonlu qatarların qəbulunu təmin etmək üçün hər yol 20 metr uzadılıb. Eyni zamanda rabitə, elektrik təchizatı, fiber-optik kabellər, yanğın mühafizəsi, videomüşahidə, sanitariya, su-kanalizasiya və havalandırma sistemləri tam yenilənib”.

Qeyd edək ki, “Həzi Aslanov” stansiyasının dalanında dayanıqlılığın artırılması layihəsi 2025–2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilib.

 

Paylaş: