
Xoruzun quyruğu yavaş-yavaş görünməyə başlayıb.
Türkiyə uzun illərdir Azərbaycan vətəndaşları üçün viza rejimini götürmüşdü. Kreml isə Azərbaycana açıq-aydın basqı göstərir, Türkiyə vətəndaşlarına viza rejimini qaldırmağa icazə vermirdi. Sonucda Prezident İlham Əliyev çoxdan gözlənilən qərarı imzaladı – millətin 2 dövlət içərisində hərəkəti tam sərbəstləşdirildi. 1 millət 2 dövlət olmanın sevincini, üstünlüyünü bir də yaşadıq, bir-birimizə daha qüvvətlə sarıldıq.
İndi bir “hərbi ekspert”in dililə məsələ atıblar ortaya – Azərbaycan yenidən Türkiyə vətəndaşlarına viza rejimi tətbiq etməlidir. Səbəb təhlükəsizlik təhdidi imiş…
Ayıbdır vallah!!!
Hələ çox yumşaq dedim…
Türkiyənin Azərbaycana təhlükəsizlik riski yaratdığını söyləməyin özü Azərbaycan üçün təhlükəsizlik təhdididir!!!
Özü də bu, “ekspertin” ilk təhdid cəhdi deyil. Birincisini Qarabağda etdi, 5 aya yaxın həbsə atıldı. Həbs işə yaramadı deyəsən, əlində benzin düşmənin qaladığı ocağın kənarında günlərdir keşik çəkir…
Tarix boyu Azərbaycana təhlükəsizlik təhdidlərinin haradan gəldiyi gün kimi aydındır – ƏSASƏN ŞİMALDAN. Ardınca da şimalın dirijor çubuğu ilə hərəkət edən İrandan, Ermənistandan. Bu gün də Türkiyə ilə Azərbaycanın münasibətlərinin soyumasını ən çox Rusiya istəyir. Son günlərin qarğaşasında Kremlin geopolitik rəqibləri icraçı kimi görünsələr də.
Çünki Azərbaycan-Türkiyə birliyinin Qafqazda, bütün Turan coğrafiyasında, hətta daha geniş götürsək postsovet məkanında başlatdığı proses Kremli 5-10 il öncəki mövqelərini inanılmaz dərəcədə zəiflədib. “Azərbaycana təhdid var” dedirdəndə bunu nəzərdə tutur. Dünya bölünür, Rusiya bölənlərin dairəsinə buraxılmır… Dəli olub…
Türkiyədən Azərbaycana təhdid yox, hər zaman var olan təhdidləri aradan qaldırmaq üçün misilsiz dəstək gəlib. Necə ki, Azərbaycan İstiqlal Savaşından bugünə qədər ideoloji, maddi, fiziki anlamda Anadolu türklüyü üçün nə bacarıbsa artıqlaması ilə edib. Qardaşın qardaşa etdiyi kimi…
Bu iddiaları ortaya atanlar da, onun tirajlanması əmrini canla-başla yerinə yetirənlər də Prezident İlham Əliyevin idarəçilik prinsiplərindən xəbərsizdirlər. Onun qərarlarının heç biri geri oxunmur! Yoxdur belə prezident! İnşallah olmaz da…
Türkiyədə 3-5 dinçi hədsiz Azərbaycan-Türkiyə qardaşlığına dil uzadıbsa, Kreml uşaqları həvəslənməsin – arzuları 2016-da, 2020-dəki kimi gözlərində qalacaq!