
Fransada son illərdə baş verən ən pis iğtişaşlar Emmanuel Makronun prezidentliyinin son aylarını daha da mürəkkəbləşdirib. Bu, ictimai narazılığı cilovlamaq üçün mübarizə aparan dövlət başçısının acizliyini üzə çıxarıb.
Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.
Şənbə günü Fransanı bürüyən və arxasında talan edilən mağazalar, yandırılan binalar və vandalizmlə üzləşən dövlət müəssisələri qoyan iğtişaşlar Makronu bəlkə də son prezidentliyinin ən təcili problemi ilə qarşılaşdırır: ölkə artıq məhdud imkanlara malik olan dövlətdən daha çox şey tələb edir.
Təxminən on il əvvəl hakimiyyətə gələn Makron Fransanın “sümükləşmiş” siyasi elitasını devirməyi, iqtisadi islahatları sürətləndirməyi və daha iddialı prezidentlik yolu ilə hakimiyyəti bərpa etməyi vəd etmişdi. Bunun əvəzinə, o, səlahiyyət müddətinin bitməsinə cəmi altı ay qalmış özünü faktiki olaraq “axsaq ördək” vəziyyətinə salıb. Makron siyasi iflas içində batıb qalmış, kəskin maliyyə təzyiqi altında olan və dövlət hakimiyyətinin hüdudlarını üzə çıxaran iğtişaşlarla mübarizə aparan bir ölkəyə rəhbərlik edən bir dövlət başçısına çevrilib.
Hətta onun keçmiş müttəfiqləri də vəziyyəti açıq şəkildə tənqid edərək, ölkədəki mövcud çıxılmaz vəziyyəti Makronun 2024-cü ildə erkən parlament seçkiləri təyin etmək qərarı ilə əlaqələndirirlər. Onlar iddia edirlər ki, bu addım dövlət başçısının səlahiyyətlərini zəiflədib.
“Bu müddətin sonu ölümqabağı vəziyyətdir”, – deyə Makronun keçmiş millət vəkili Loik Kervran “X” platformasında yazıb. O əlavə edib: “Prezidentin 2024-cü ildə parlamenti buraxmaqla bağlı absurd qərarı ölkəni iflic vəziyyətinə salıb. Bu, bəlkə də Beşinci Respublika tarixində ən pis qərardır”.

Bu iğtişaşlar ifrat sağçı “Milli Birlik” partiyasının lideri Marin Le Pen üçün yaxşı fürsətdir. O, 2027-c il prezident seçkilərinin favoriti hesab olunur və əhalinin rifahının pisləşməsi ilə bağlı narazılıqdan, həmçinin ötən istirahət günlərində baş verən zorakılıq fonunda asayişin pozulmasından faydalana bilər.
Makronun seçki dairəsindən olan daha bir deputat – Jan-Batist Moro “Reuters” agentliyinə bildirib: “İndi onun qarşısında təkcə sərbəst yol deyil, həm də altızolaqlı avtomagistral açılıb”.
Bazar günü Le Pen videomüraciətində Makron administrasiyasının dağılmaqda olduğunu bildirib və özünü asayişi bərpa etməyə qadir bir fiqur kimi təqdim edib.
Makron daha sonra ölkəyə müraciətində fövqəladə vəziyyət elan etməkdən çəkinərək bir neçə konkret tədbir təklif edib. Amma Parisin varlı əraziləri də daxil olmaqla ardıcıl ikinci gecə davam edən talanlardan sonra Baş nazir Sebastian Lekornu bazar ertəsi günü yerli komendant saatı elan etməyə məcbur olubH
Həm müxaliflər, həm də Makronun keçmiş müttəfiqləri bundan məyus olublar. Hazırda prezidentliyə namizəd olmağa hazırlaşan sabiq Baş nazir Eduard Filipp də onu sərt tənqid edib. O, “X” sosial platformasında yazıb: “Cənab Prezident, dünən gecə sizi dinlədim. Mən də milyonlarla fransız kimi, asayişi bərpa etməyə yönəlmiş həll yollarına və təşəbbüslərə üstünlük verərdim”.
Bazar analitikləri deyirlər ki, Fransanın artan borc yükü səbəbindən artıq ciddi nəzarət altında olduğu və avrozonanın ən böyük büdcə kəsirlərindən birini azaltmaqda çətinlik çəkdiyi bir vaxtda zorakılıq dalğası siyasi riski daha da artırır.
Prezident istiqraz bazarının xərcləmə məhdudiyyətləri tələbləri ilə etirazçıların bunun əksini tələb etmələri arasında qalıb.
Makronun siyasi düşərgəsinin bəzi dairələrində dərin məyusluq əlaməti olaraq, bəzi keçmiş müttəfiqləri onun səlahiyyət müddətinin sonuna qədər vəzifəsindən getməli olub-olmadığını açıq şəkildə müzakirə etməyə başlayıblar.