
“Düşünürəm ki, dünənki telefon zəngi bir daha onu göstərdi ki, Türkiyə bizim strateji müttəfiqimizdir. Bəzən dövlətlər arasında fikir ayrılıqları olur, lakin heç bir halda prosesin uçurum səviyyəsinə getməsinə imkan vermək olmaz. Türkiyədəki qardaşlarımızın narahatlıqlarını anlayırıq, amma bunu da bilmək lazımdır ki, Azərbaycanda islama qarşı heç bir proses getmir”.
Primeinfo.az xəbər verir ki, bu sözləri millət vəkili Ceyhun Məmmədov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Qeyd edək ki, Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə qalxacağına əminliyini ifadə edib.
Türkiyə Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini bir daha çatdırıb və Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib.
Davamı “Qırmızı masa”da: