Xəbər axtarın

Son axtarış nəticələri:

Parisdə hərbi parad - FOTO

14.07.2026 13:14

Parisdə hərbi parad - FOTO

Parisdə Yelisey çölləri prospektində Fransa Milli Bayramı – 14 İyul münasibətilə ənənəvi hərbi parad keçirilir.

Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Yelisey Sarayı builki tədbiri tarixi və misli görünməmiş parad kimi xarakterizə edir.

Prezident Administrasiyasının məlumatına görə, parad Fransanın müdafiə qabiliyyətinin gücləndirilməsi, strateji muxtariyyət siyasəti və Avropanın təhlükəsizlik sahəsində yeni yanaşmasını nümayiş etdirir. Bu mesaj bir gün əvvəl Parisdə Ukraynaya dəstək məqsədilə yaradılmış və 37 ölkəni birləşdirən “Könüllülər Koalisiyası”nın sammiti ilə də əlaqələndirilir.

Paradda koalisiyaya üzv ölkələrin 500-ə yaxın hərbçisi iştirak edir. Onların ardınca isə Fransada hazırlıq keçmiş 25 ukraynalı hərbçi Yelisey çölləri boyunca yürüş edəcək. Rəsmi tribunada Ukrayna Prezidenti Volodimir Zelenski də daxil olmaqla, 30-a yaxın dövlət və hökumət başçısı paradı izləyir.

Yelisey Sarayının məlumatına əsasən, builki parad iştirakçı sayına görə rekord göstərici ilə yadda qalacaq. Tədbirdə 6 800 hərbçi, 98 təyyarə, 31 helikopter və 315 hərbi texnika iştirak edir. Fransa hakimiyyəti bildirir ki, bu, ölkənin yenidən silahlanması, müdafiə büdcəsinin artırılması və ordunun modernləşdirilməsi siyasətinin nəticələrini nümayiş etdirir.

Parad Fransanın məşhur akrobatika qrupu “Patrouille de France”ın uçuşu ilə başlayıb. Daha sonra kokpitində Fransada təlim keçmiş ukraynalı ikinci pilotların olduğu iki “Mirage 2000” qırıcısı səmaya qalxıb. Tədbirdə, həmçinin Avropanın daha 10 ölkəsinin hərbi aviasiyası iştirak edir.

İlk dəfə olaraq Fransa qırıcıları Yelisey çölləri üzərində qanadları altında silah maketləri ilə uçuş həyata keçirəcək. Bundan başqa, helikopterlər tank kolonlarının üzərində uçaraq müasir döyüş meydanında tətbiq olunan taktiki elementləri nümayiş etdirəcəklər. Yelisey Sarayının bildirdiyinə görə, məqsəd döyüşə hazır, modernləşdirilmiş ordunun imkanlarını göstərməkdir.

Paradda Estoniya və Rumıniyada NATO-nun şərq cinahında xidmət edən Fransa hərbçiləri, eləcə də yaradılmasının 400 illiyini qeyd edən Fransa Hərbi Dəniz Qüvvələri də xüsusi ehtiramla anılır.

Fransa rəsmilərinin fikrincə, builki hərbi parad Avropanın dəyişən təhlükəsizlik mühitinə verdiyi cavabın simvoludur. Onlar hesab edirlər ki, Rusiyadan qaynaqlanan təhlükələr və ABŞ-nin siyasətindəki qeyri-müəyyənlik fonunda Avropa öz təhlükəsizliyinə görə daha böyük məsuliyyət daşımalıdır.

Parisdə hərbi parad - FOTO Parisdə hərbi parad - FOTO

Paylaş: