Xəbər axtarın

Son axtarış nəticələri:

Aİ səfiri: "Avropa İttifaqı və Azərbaycan münasibətləri yeni mərhələyə keçir"

04.09.2026 12:13

Aİ səfiri: "Avropa İttifaqı və Azərbaycan münasibətləri yeni mərhələyə keçir"
Avropa İttifaqı (Aİ) və Azərbaycan münasibətlərin yeni mərhələsinə qədəm qoyur.

Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyunziç Bakıda Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi tərəfindən “LINKS Europe” Fondu ilə birgə təşkil edilmiş dəyirmi masada bildirib.

“Biz münasibətlərimizin yeni mərhələsinə qədəm qoyuruq. Onlar intensivləşib”, – o qeyd edib.

M.Kuyunziçin sözlərinə görə, bu il Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar başlayıb: “Danışıqlar sentyabrın sonunda davam edəcək”.

Biz həmçinin Tərəfdaşlıq Prioritetlərini müzakirə etdik. Sənədin mətni ilkin olaraq razılaşdırılıb”.

Diplomatın sözlərinə görə, bu iki sənəd “təmiz enerji” və ticarət kimi sahələrdə əməkdaşlıq üçün müasir və iddialı əsas təmin edəcək.

M.Kuyunziç qeyd edib ki, bu il Azərbaycan və Aİ arasındakı münasibətlərin 30 ili tamam olur. O vurğulayıb ki, Azərbaycan Aİ-nin mühüm və etibarlı enerji tərəfdaşına çevrilib, Avropa İttifaqı isə Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır.

Səfir, həmçinin yüksək səviyyəli əlaqələrin aktivləşməsinə diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycandakı fəaliyyətinin ilk 10 ayında ölkəyə üç avrokomissar, Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, iyulun 1-də isə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen səfər edib.

“Bu, münasibətlərimizin necə dinamikləşdiyini göstərir”, – o vurğulayıb.

Paylaş: