
Rusiya dronları dünən Kiyevin mərkəzində, Volodimir küçəsində, Ukrayna Elmlər Akademiyası Rəyasət Heyətinin yerləşdiyi tarixi binaya ciddi xəsarət yetirib, yanğın baş verib. Hücum zamanı Ukrayna Milli Elmlər Akademiyasının vitse-prezidenti, 87 yaşlı akademik Vladimir Qorblin binada olub və xəsarət alıb, onun köməkçisi qadın isə həlak olub. Yanğın zamanı binada olan insanlar böyük çətinliklə onu tərk edə biliblər, 19 nəfər yaralanıb.
“Ukraynalı alimlərin çalışdığı, onların nisbətən yaxın vaxtlara qədər rusiyalı həmkarları ilə konfranslarda görüşdüyü, birgə elmi əsərlər dərc etdiyi və biliklərini paylaşdığı bir məkana zərbə endirməsini dərk etmək çox ağrılıdır. Müharibə bu əlaqələri amansız və qəddar şəkildə qırıb. Bu, Ukraynanın faciəsidir. Bu, bəşəriyyətin faciəsidir. Lakin Rusiyanın insanlara qarşı etdikləri, eyni zamanda onun mənəvi faciəsidir.” ( Svetlina Melnuk)
Rusiyanın suveren Ukraynaya qarçı işğalçı müharibəsinə, minlərlə dinc insanların, uşaqların, qadınların qətlinə, şəhərlərin, yaşayış məkanlarının, vətəndaş tikililərinin, kəndlərin, təsərrüfatların bombardman edilməsinə hər hansı şəkildə haqq qazandırmağa çalışan bir azərbaycanlı varsa, bu şəkillərə diqqətlə baxsın və özünü, ailəsini, evini, iş yerini, xalqını və ölkəsini bu yerdə görsün. Əgər susarsa, ona da rus faşizmi kimi lənət olsun!!!
Azərbaycan dövləti və xalqı bu dəhşətli müharibə başlayandan daim ədalətin tərəfində, qəhrəman Ukrayna xalqının, onun mübariz rəhbərliyinin və igid ordusunun yanında olub. Onu bütün imkanları səviyyəsində dəstəkləyib və bu gün də dəstəkləyir.
Azərbaycan alimləri də bu günlər rus silahına tuş gəlmiş Ukrayna elm xadimlərinin yanındadır. Hücum zamanı həlak olmuş alim xanımın ailəsinə başsağlığı veririk, akademik Qorblinin və digər yaralı şəxslərin tezliklə sağalmasını diləyirik.
Ukrayna alimlərinə, öz tarixçi həmkarlarımıza, dostlarımıza möhkəm olmağı, bu ağır, ciddi sınaqlardan ləyaqətlə çıxmağı arzulayırıq! Haqq sizinlədir. Qələbə sizindir! Onu Sizinlə birlikdə gözləyirik və tezliklə gələcəyinə İnanırıq! İşğalçı Rusiyaya Yox! Müharibəyə Yox! Slava Ukraine! Geroyam Slava!
Solmaz Rüstəmova-Tohidi, tarixçi alim, professor







