
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusun xarici işlər naziri Maksim Rıjenkovla görüşüb.
Primeinfo.az xəbər verir ki, bununla bağlı XİN məlumat yayıb.
Görüşdə Azərbaycan-Belarus strateji tərəfdaşlığı və onun gələcək inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər ikitərəfli əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli siyasi dialoqun və hər iki ölkənin liderləri arasında təmasların mühüm rolunu vurğulayıblar. Həmçinin Birgə Hökumətlərarası Komissiyanın ticarət-iqtisadi əməkdaşlığın inkişafında əsas rol oynadığı qeyd edilib.
Nazirlər BMT, MDB, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda sıx koordinasiyanın əhəmiyyətini də qeyd ediblər.
Görüşün yekununda Ceyhun Bayramov və Maksim Rıjenkov “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında 2027–2028-ci illər üçün Əməkdaşlıq Planı”nı imzalayıblar.
Bundan əlavə, tərəflər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq məsələləri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.
Bildirilib ki, imzalanan sənədlər iki ölkə arasında tərəfdaşlığın institusional əsaslarını daha da möhkəmləndirəcək və qarşıdakı illərdə ikitərəfli koordinasiyanın səviyyəsini yüksəldəcək.