
Dünənki dəbdəbəli toy gündəmdəykən son 2-3 ildə Bakının şadlıq saraylarının gözümə batan ortaq özəlliyindən yazmaq istəyirəm – qara rəng ağırlığından. Dünən yüzminlər xərclənən toyun da ana rəngi qaraydı.
Heyrət…
Niyə???
Qara şadlıq rəngidir məgər? Tam tərsi bilirdim…
2 gəncin ən xoş günündə bu qara toy “çadırlarını” kim gətirib dəb salıb Bakıya? Bir neçə şadlıq sarayı sahibi ilə danışmışam. Deyirlər, guya bu, işıq effeklərinin daha cazib görünməsi üçündür. Göy atlasın, məxmərin üzərinə işıq effekti verin, görün necə gözəl olur, dedim… Niyə qara? Cavab yoxdur…
Bizim şüurumuzda qara yas rəngidir. Yasda ölünün bircə kəfəni ağdır. Qalan nə varsa qaradır… Gün də, qan da, ovqat da, əqrəbaların geyimi də… Bu gün bizim toylarımıza ölü, yas ab-havasını kim yükləyir? 2 gəncin ən xoş, ən parlaq, 2 nəslin şad, sevincli günündə rəngləri kim söndürür dəb adı ilə?
Geyinib, bəzənib-düzənib toya gedirsən, içəri girəndə qara rəng adamı “bayıra atır”, hə qaşlarını qaldırıb üzünə təbəssüm qondurursan, bir də görürsən çatılıb e qaşların…
Dədəmiz Qorqud qızı olana qırmızı çadır, oğlu olana ağ çadır, övladsıza qara çadır qurdurandan bu yana qara məkan bizimçün talehsizlik rəmzidir. Başqa toplumların da yasda qırmızıya, toyda qaraya boyandığını görmədim, eşitmədim.
Övladlarımıza ağ süfrələrin yığışdırılıb qara, “çılpaq” masalarla əvəzləndiyi, tavanından qaranın ağırlığı basan, pərdəsindən qaranlıq yağan, səhnəsi qaranlıq saçan “toy çadırı” qurmayaq. Düşər-düşməzi olar…
Yandırın işıqları…
Aygün Muradxanlı, baş redaktor