
Suriya və Kipr 2028-ci ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılan “Ebla” sualtı kabelinin çəkilməsi barədə saziş imzalayıblar.
Primeinfo.az SANA agentliyinə istinadən xəbər verir ki,bu barədə Suriyanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, layihə Suriyanın beynəlxalq rabitə kanallarının modernləşdirilməsi və kommunikasiya marşrutlarının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində reallaşdırılır.
Saziş Suriya Rabitə Şirkəti, Kiprin sualtı kabel idarəsi (Cyta) və ABŞ-nin “UNIFI Communications Inc.” şirkəti arasında imzalanıb.
Yeni kabel Tartus şəhərini Kiprdə yerləşən TATCYNOS sualtı kabel stansiyası ilə birləşdirəcək. Kabel 24 cüt optik lifdən ibarət olacaq. Bu, istifadəyə verildiyi vaxt saniyədə 31 terabit (Tbit/s) ilkin ötürmə qabiliyyətini təmin edəcək. Sonradan bu göstəricinin 370 Tbit/s-ə qədər artırılması mümkün olacaq.
Layihənin 2028-ci ilin əvvəlində istifadəyə verilməsi və Suriyaya Cyta şəbəkələri vasitəsilə Avropa və qlobal şəbəkələrə birbaşa bağlantı təmin etməsi gözlənilir.