
Müharibənin başa çatdırılması ilə bağlı razılaşmanın əldə olunması üçün yalnız Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin tələb etdiyi həddə ərazisilərindən imtina etməyə razılıq verməsi çatışmır.
Primeinfo.az xəbər verir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner bunu Kiyevdə keçirilən “Yalta Avropa Strategiyası” Konfransında videobağlantı vasitəsilə çıxışında bildirib.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi deyib ki, Vaşinqton sülh sazişinin əsas hissəsini artıq hazırlayıb, lakin sazişin bağlanması Ukraynanın ərazilərlə bağlı şərtlərə razılıq verməməsi səbəbindən ləngiyir: “Putin nəyə nail olmaq istədiyini müəyyənləşdirib. Əgər Ukrayna həmin xəttə qədər geri çəkilməyə razı olsaydı, sazişin qalan hissəsi artıq hazır olardı. Lakin Ukrayna hazırda bunu etmək istəmir”.
Cared Kuşner qeyd edib ki, amerikalı vasitəçilərin vəzifəsi Ukraynanın mövqeyinə zidd olmayan, eyni zamanda münaqişənin başa çatdırılmasına və gələcəkdə onun təkrarlanmasını istisna edən şəraitin yaradılmasına imkan verəcək “kreativ həll” tapmaqdan ibarətdir: “Ərazi məsələsi cəbhədəki vəziyyət nəzərə alınmaqla həll edilməlidir. Vasitəçilərin vəzifələrindən biri münaqişəni dondurmağa imkan verəcək həll yolu tapmaqdır. Hər iki tərəf “çox böyük ağrı” yaşayır və müharibəni başa çatdırmaq əzmi nümayiş etdirir. Rusiya hazırda mümkün nizamlanma üsulunu müzakirə etməyə hazır olduğunu bildirir, Ukrayna Prezidenti Volodimir Zelenski də münaqişənin başa çatdırılmasına köklənib. Biz sadəcə olaraq hamını qane edəcək düzgün formulu tapmalıyıq”.