
Geka Geladze Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri vəzifəsindən istefa verib.
Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Geka Geladze qurumun rəsmi saytında yayımlanan açıqlamada bildirib.
O, qərarın siyasi komanda ilə məsləhətləşmələrdən sonra qəbul edildiyini qeyd edib. Geka Geladze fəaliyyətini başqa dövlət qurumunda davam etdirəcəyini və burada da ölkə və cəmiyyətin maraqlarına xidmət edəcəyini bildirib.
Geka Geladze DTX rəhbəri kimi fəaliyyətini böyük məsuliyyət hesab etdiyini vurğulayıb. O bu müddətdə Xidmət əməkdaşları ilə birlikdə Gürcüstanın təhlükəsizliyinin gücləndirilməsi və milli maraqların qorunmasına yönəlmiş işlər gördüklərini qeyd edib.
Geladze DTX əməkdaşlarına peşəkarlıqları və fədakarlıqlarına görə təşəkkür edib. O, həmçinin göstərilən etimada görə siyasi komandaya, xüsusilə “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişviliyə və Baş nazir İrakli Kobaxidzeyə təşəkkürünü bildirib.
Geka Geladze əmin olduğunu deyib ki, Dövlət Təhlükəsizliyi Xidməti qarşısına qoyulan mühüm vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək və ölkənin təhlükəsizliyini qoruyacaq.