
2016-cı ildə Bakıda keçirilən ilk Avropa İttifaqı-Azərbaycan biznes-forumundan ötən müddət ərzində bu platforma biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, investisiya imkanlarının müzakirəsi və iqtisadi əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edib.
Primeinfo.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Bakıda keçirilən Aİttifaqı-Azərbaycan biznes-forumunda çıxış edərək deyib.
O qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın 30 illiyinin qeyd olunduğu bir dövrdə tərəflər arasında münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində mühüm addımlar atılır.
Səfirin sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır:
“Enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatının genişləndirilməsi, bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl keçid və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) potensialından səmərəli istifadə əməkdaşlığın əsas istiqamətləri sırasındadır.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyenin Bakıya səfəri çərçivəsində Cənubi Qafqazda dövlət və özəl sektorun iştirakı ilə infrastruktur layihələrinə 2 milyard avroyadək investisiyanın cəlb edilməsini nəzərdə tutan “Global Gateway” investisiya paketi elan olunub.
Aİ-nin bu təşəbbüsü regionda nəqliyyat bağlantılarının gücləndirilməsi və iqtisadi inkişafın dəstəklənməsi baxımından mühüm imkanlar yaradır. Bugünkü forum və biznes dialoqu isə Azərbaycanla beynəlxalq tərəfdaşlar arasında iqtisadi əlaqələrin genişləndirilməsi, biznes mühitinin təkmilləşdirilməsi və yeni investisiya imkanlarının təşviqi baxımından əhəmiyyətli platforma kimi çıxış edir”.