Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanla Tailand arasında ikitərəfli münasibətlər müzakirə edilib - FOTO - YENİLƏNİB

20.04.2026 15:29

Azərbaycanla Tailand arasında ikitərəfli münasibətlər müzakirə edilib - FOTO - YENİLƏNİB

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Banqkok şəhərində Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Tailand Krallığının xarici işlər naziri Sihasak Puanqketkeo ilə görüşüb.

XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə Tailand arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub, əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensial yüksək qiymətləndirilib. Siyasi dialoqun inkişafı, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi, mədəniyyət və turizm sahələrində əlaqələrin dərinləşdirilməsi imkanları nəzərdən keçirilib.

2025-ci ilin dekabr ayında Azərbaycanın Tailandda Səfirliyinin rəsmi açılışının və iki ölkənin Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ kimi qeyd edilib. Bu addımların Azərbaycan-Tailand əlaqələrinin institusional əsaslarının möhkəmləndirilməsinə və əməkdaşlığın daha da sistemli şəkildə inkişafına töhfə verdiyi vurğulanıb.

Görüşdə çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub. BMT, UNESCAP, AQEM, ASEAN və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, Azərbaycanın sədrliyi və Tailandın ev sahibliyi ilə keçirilən UNESCAP-ın 82-ci sessiyasının məhsuldar nəticələr verəcəyinə dair əminlik ifadə olunub.

Nazir Ceyhun Bayramov həmkarına Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi sülh təşəbbüsləri, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində görülən tədbirlər, habelə həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

09.52

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb.

Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi “X”də məlumat yayıb.

Tərəflər Azərbaycanın UNESCAP sədri kimi prioritetlərini, Azərbaycan və Tailand arasında ikitərəfli münasibətlərin perspektivlərini, regional məsələləri müzakirə ediblər.

“Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyası çərçivəsində (UNESCAP) cənab Anutin Çarnvirakul ilə görüşməkdən şərəf duyuram.

Tərəfdaşlığımızı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm”, – C.Bayramov “X”dəki hesabında yazıb.

Qeyd edək ki, Ceyhun Bayramov Tailand Krallığının paytaxtı Banqkok şəhərində işgüzar səfərdədir. XİN başçısının 20 apreldə Azərbaycanın sədrliyi ilə keçiriləcək BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasında iştirakı və çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

“Heç kimi geridə qoymamaq: Asiya və Sakit Okean regionunda inklüziv cəmiyyətlərin qurulması” mövzusu ilə keçiriləcək sessiya, layiqli iş, bütün yaşlar üçün tam və məhsuldar məşğulluq, qadınların iqtisadi imkanlarının gücləndirilməsi, ümumi sosial inteqrasiya da daxil olmaqla, cari və inkişaf etməkdə olan demoqrafik tendensiyaların və sosial-iqtisadi prioritetlərin müzakirəsi üçün platforma təmin edəcək.

Azərbaycanla Tailand arasında ikitərəfli münasibətlər müzakirə edilib - FOTO - YENİLƏNİB Azərbaycanla Tailand arasında ikitərəfli münasibətlər müzakirə edilib - FOTO - YENİLƏNİB

Azərbaycanla Tailand arasında ikitərəfli münasibətlər müzakirə edilib - FOTO - YENİLƏNİB

Azərbaycanla Tailand arasında ikitərəfli münasibətlər müzakirə edilib - FOTO - YENİLƏNİB

Azərbaycanla Tailand arasında ikitərəfli münasibətlər müzakirə edilib - FOTO - YENİLƏNİB

Paylaş: