
“Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti region üçün strateji əhəmiyyət daşıyır”.
Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu xəttin modernləşdirilməsindən sonra istifadəyə verilməsi mərasimində çıxış edən Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili bildirib.
Nazir qeyd edib ki, Gürcüstan son illərdə nəqliyyat infrastrukturunun, avtomobil magistrallarının və logistika şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib.
Onun sözlərinə görə, nəqliyyat və logistika sektorundan əldə olunan gəlirlərin artması Gürcüstanın Avropa ilə Asiya arasında etibarlı və səmərəli əlaqələndirici ölkə kimi rolunu daha da gücləndirir.
M.Kvrivişvili vurğulayıb ki, beynəlxalq nəqliyyat marşrutlarının inkişafı Gürcüstanın Azərbaycan, Türkiyə, Mərkəzi Asiya ölkələri və digər tərəfdaşlarla uzun illər ərzində qurduğu uğurlu əməkdaşlığın nəticəsidir.
Nazir BTQ layihəsinin həyata keçirilməsində iştirak edən bütün tərəflərə təşəkkür edib və layihənin regionun iqtisadi inkişafına, tranzit imkanlarının genişlənməsinə mühüm töhfə verəcəyini bildirib.
O, çıxışının sonunda dəmir yolu layihəsinin uğurla tamamlanması münasibətilə tərəfdaş ölkələri təbrik edib, regiona daha böyük inkişaf və tərəqqi arzulayıb.