
Xülasə
Məqalədə Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin insan hüquq və azadlıqlarının konstitusion təminatı sistemində yeri və hüquqi mahiyyəti təhlil edilir. Tədqiqatda insan hüquqlarının konstitusion inkişafı tarixi-nəzəri kontekstdə araşdırılır, həmçinin milli konstitusiya sistemi daxilində hüquqların təminat mexanizmləri sistemli şəkildə qiymətləndirilir. Xüsusi diqqət 71-ci maddənin yalnız təminat norması deyil, eyni zamanda interpretasiya və sistemləşdirici konstitusion prinsip kimi çıxış etməsinə yönəldilir. Müqayisəli hüquq təhlili əsasında göstərilir ki, bu maddə müasir konstitusionalizmdə geniş yayılmış “təminat və interpretasiya” modellərinin milli ifadəsidir.
Giriş
Konstitusiyanın dəyəri yalnız onun hüquq və azadlıqları tanımasında deyil, həmin hüquq və azadlıqların real həyata keçirilməsini təmin edən hüquqi mexanizmlər sisteminin formalaşdırmasında ifadə olunur. Müasir konstitusionalizm artıq hüquqların sadəcə bəyan edilməsi mərhələsini keçmiş və onların effektiv müdafiəsi, məhkəmə təminatı və dövlət hakimiyyəti üzərində hüquqi nəzarət mexanizmlərinin qurulması mərhələsinə daxil olmuşdur.
Bu baxımdan hüquq nəzəriyyəsində geniş qəbul olunmuş yanaşmaya görə, konstitusion hüquqların mövcudluğu onların real təminatı ilə ölçülür. Hüquqların formal tanınması konstitusion dövlət anlayışının başlanğıcıdırsa, onların effektiv təmin edilməsi bu anlayışın mahiyyətini təşkil edir. Azərbaycan Respublikası Konstitusiyası da bu yanaşmanı qəbul edərək insan hüquq və azadlıqlarını dövlətin ali məqsədi və fəaliyyət istiqamətinin əsas meyarı kimi müəyyən etmişdir. Konstitusiyanın müxtəlif maddələrində təsbit olunmuş hüquqlar sistemi yalnız deklarativ xarakter daşımır, eyni zamanda onların həyata keçirilməsini təmin edən normativ və institusional mexanizmlərlə tamamlanır.
Bu sistemin mərkəzi elementlərindən biri Konstitusiyanın 71-ci maddəsidir. Bu maddə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinə dair ümumi prinsip kimi çıxış etsə də, onun hüquqi mahiyyəti yalnız təminat funksiyası ilə məhdudlaşmır. 71-ci maddə Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların şərhini, tətbiqini və məhdudlaşdırılmasını istiqamətləndirən əsas konstitusion interpretasiya normasına çevrilmişdir.
Bu baxımdan 71-ci maddə yalnız normativ təminat deyil, həm də Azərbaycan konstitusionalizminin insan hüquqları fəlsəfəsini ifadə edən meta-konstitusion prinsip kimi təhlil oluna bilər.
İnsan hüquqlarının konstitusion təminatı ideyasının tarixi və nəzəri əsasları
İnsan hüquqlarının konstitusion təminatı ideyası müasir hüquq sistemlərinin mərkəzi elementlərindən biri olsa da, bu ideyanın formalaşması uzun tarixi və nəzəri inkişaf prosesinin nəticəsidir. Müasir konstitusionalizm insan hüquqlarını yalnız dövlət tərəfindən tanınan hüquqlar kimi deyil, həm də dövlət hakimiyyətini məhdudlaşdıran və onun legitimliyini müəyyən edən ali hüquqi dəyər kimi qəbul edir. Bu inkişafın başlanğıc nöqtələrindən biri orta əsr İngiltərəsində qəbul edilmiş Magna Carta (Böyük Azdlıqlar Xartiyası) sənədidir. Bu sənəd ilk dəfə olaraq monarx hakimiyyətinin hüquqla məhdudlaşdırılması ideyasını ortaya qoyaraq, dövlət hakimiyyətinin qeyri-məhdud olmadığını hüquqi müstəviyə çıxarmışdır. Bu, insan hüquqları ideyasının ilkin, lakin hələ sistemləşməmiş forması kimi qiymətləndirilə bilər. Daha sonrakı mərhələdə İngiltərə Hüquqlar Billi (The Bill of Rights 1698) dövlət hakimiyyətinin parlament və hüquq vasitəsilə məhdudlaşdırılması prinsipini möhkəmləndirmiş, fərdin siyasi və hüquqi müdafiə mexanizmlərinin inkişafına zəmin yaratmışdır. Bu sənəd artıq hüquqların yalnız etik və ya siyasi deyil, hüquqi kateqoriya kimi formalaşmasına ciddi töhfə vermişdir.
XVIII əsrdə qəbul edilmiş Fransa İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi (Declaration des droits de I Hommet et du Citoyen,1789) isə insan hüquqlarını universal və təbii hüquqlar kimi elan etməklə, onları dövlət iradəsindən asılı olmayan ali hüquqi dəyər səviyyəsinə yüksəltmişdir. Bu sənəd konstitusion hüquqların müasir fəlsəfi əsasını təşkil edən “azadlıq, bərabərlik və hüququn aliliyi” prinsiplərinin formalaşmasında həlledici rol oynamışdır.
XX əsrdə isə insan hüquqları artıq milli konstitusiya çərçivəsindən çıxaraq beynəlxalq hüququn əsas tərkib hissəsinə çevrilmişdir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin (Universal Declaration of Human Rights, UDHR 1948) qəbulu insan hüquqlarını universal normativ sistem kimi təsbit etmiş, onların bütün dövlətlər üçün istiqamətverici hüquqi standart olduğunu bəyan etmişdir. Bunun ardınca qəbul edilən İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının qəbulu isə insan hüquqlarının müdafiəsi üçün institusional mexanizm formalaşdıraraq, hüquqların yalnız elan edilməsinin kifayət etmədiyini, onların beynəlxalq məhkəmə nəzarəti vasitəsilə təmin olunmasının zəruriliyini ortaya qoymuşdur.
Beləliklə, insan hüquqlarının tarixi inkişafı göstərir ki, hüquqların mahiyyəti üç əsas mərhələdən keçmişdir:
a) monarx hakimiyyətinin məhdudlaşdırılması ideyası,
b) hüquqların konstitusion səviyyədə tanınması,
c) hüquqların beynəlxalq və institusional təminat mexanizmləri ilə qorunması.
Bu inkişaf xətti müasir konstitusionalizmin əsas prinsipini formalaşdırır: insan hüquqları yalnız deklarativ kateqoriya deyil, həm də hüquqi təminat sistemi tələb edən normativ strukturdur. Məhz bu nəzəri və tarixi fonda müasir konstitusiyalarda insan hüquqlarının təminatına dair xüsusi maddələr formalaşmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsi də bu inkişaf xəttinin davamı kimi çıxış edir və insan hüquqlarının təkcə tanınmasını deyil, onların real hüquqi müdafiəsini təmin edən normativ mexanizm rolunu oynayır.
Azərbaycan Konstitusiyasında insan hüquqlarının sistemli təminat mexanizmi
Müasir konstitusiya hüququnda insan hüquq və azadlıqları yalnız ayrıca maddələrdə sadalanan hüquqlar toplusu kimi deyil, bütöv bir sistem kimi çıxış edir. Bu sistemin mahiyyəti ondan ibarətdir ki, hüquqların tanınması ilə yanaşı, onların həyata keçirilməsi, müdafiəsi və məhdudlaşdırılmasının konstitusion çərçivəsi də müəyyən edilir.
Azərbaycan Respublikasının Konstitusiyası bu baxımdan insan hüquqlarına sistemli yanaşmanı qəbul edən konstitusiyalardandır. Konstitusiyanın müxtəlif maddələri insan hüquqlarının fərqli aspektlərini tənzimləsə də, onlar ayrı-ayrı hüquqlar toplusu deyil, bir-biri ilə qarşılıqlı əlaqədə olan normativ mexanizmdir. Bu sistemin başlanğıc nöqtələrindən biri Konstitusiyanın 12-ci maddəsidir. Həmin maddədə dövlətin ali məqsədi kimi insan və vətəndaş hüquqlarının və azadlıqlarının, həmçinin vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi müəyyən edilir. Bu müddəa insan hüquqlarına yalnız hüquqi deyil, həm də teleoloji (məqsəd yönlü) yanaşmanı ifadə edir. Yəni dövlətin mövcudluğunun məqsədi insan hüquqlarının təmin edilməsi ilə birbaşa əlaqələndirilir.
Konstitusiyanın 24-cü maddəsi isə insan ləyaqətini və onun toxunulmazlığını hüquqların əsas bazisi kimi təsbit edir. Bu maddə hüquqların mənbəyinin dövlət deyil, insanın özü olduğunu göstərən fundamental konstitusion yanaşmanı ifadə edir. Müasir konstitusionalizmdə insan ləyaqəti bütün hüquqların interpretasiya əsasını təşkil edən başlanğıc prinsip kimi qəbul edilir. 26-cı maddə həyat hüququnu, 60-cı maddə isə hüquq və azadlıqların məhkəmə təminatını təsbit etməklə hüquqların həm substantiv, həm də prosedural müdafiə mexanizmini formalaşdırır. Bu iki maddə birlikdə hüquqların yalnız tanınmasını deyil, onların effektiv hüquqi müdafiəsini təmin edən konstitusion zəmini yaradır.
Konstitusiyanın 147 və 148-ci maddələri Konstitusiyanın ali hüquqi qüvvəsini və normativ sistemdə yerini müəyyən edir. Bu müddəalar insan hüquqlarına dair normaların digər normativ aktlara münasibətdə üstün hüquqi qüvvəyə malik olduğunu təsbit etməklə hüquqların konstitusion üstünlüyünü təmin edir. 151-ci maddə isə beynəlxalq müqavilələrin milli hüquq sistemində üstünlüyünü müəyyən etməklə insan hüquqlarının beynəlxalq standartlarla inteqrasiyasını təmin edir. Bu müddəa Azərbaycan hüquq sisteminin Avropa Şurası və Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qəbul edilmiş insan hüquqları standartlarına uyğunluğunu gücləndirir.
Bu normativ sistemin mərkəzində isə Konstitusiyanın 71-ci maddəsi dayanır. Əgər yuxarıda qeyd edilən maddələr insan hüquqlarının müxtəlif aspektlərini müəyyən edirsə, 71-ci maddə bu hüquqların həyata keçirilmə qaydasını və onların müdafiə mexanizmini ümumi şəkildə tənzimləyir. Bu baxımdan 71-ci maddə yalnız ayrıca təminat norması deyil, Konstitusiyanın insan hüquqlarına dair bütün müddəalarını bir-biri ilə əlaqələndirən və onların tətbiqini istiqamətləndirən sistemləşdirici normativ mərkəz kimi çıxış edir.
Beləliklə, Azərbaycan Konstitusiyasında insan hüquqları sistemi üç səviyyədə təzahür edir:
1.Normativ səviyyə – hüquqların tanınması (24, 26 və s.)
2.Təşkilati-prosedural səviyyə – məhkəmə və hüquqi müdafiə mexanizmləri (60 və s.)
3.İnterpretasiya və təminat səviyyəsi – 71-ci maddə
Məhz üçüncü səviyyə hüquqların real hüquqi həyat qazanmasını təmin edən həlledici mərhələdir.
Konstitusiyanın 71-ci maddəsinin hüquqi təbiəti və interpretasiya funksiyası
Konstitusiyanın 71-ci maddəsi insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinə dair ümumi konstitusion normadır. Lakin bu normanın hüquqi təbiəti yalnız “təminat maddəsi” kimi sadə təsnifatla məhdudlaşdırıla bilməz. Müasir konstitusiya hüququ baxımından bu cür müddəalar həm normativ, həm interpretativ, həm də sistemləşdirici funksiyalara malik olur.
Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində 71-ci maddənin funksional təhlili göstərir ki, bu norma üç əsas hüquqi rol oynayır: təminat funksiyası, şərh funksiyası və məhdudlaşdırmanın konstitusion çərçivəsini müəyyən edən funksiya.
1. 71-ci maddənin təminat funksiyası
71-ci maddənin ilkin və ən görünən funksiyası insan hüquq və azadlıqlarının dövlət tərəfindən tanınmış və qorunan dəyərlər olduğunu təsbit etməkdir. Bu maddə dövlət orqanlarının üzərinə pozitiv hüquqi öhdəlik qoyur: insan hüquqlarına hörmət etmək, onları qorumaq və onların həyata keçirilməsini təmin etmək.
Bu baxımdan 71-ci maddə klassik mənada “proqram xarakterli norma” deyil. O, birbaşa hüquqi öhdəlik yaradan konstitusion normadır və dövlət hakimiyyətinin bütün qollarını bağlayan ümumi hüquqi çərçivə funksiyasını yerinə yetirir.
2. Şərh (interpretasiya) funksiyası
71-ci maddənin daha dərin hüquqi əhəmiyyəti onun interpretasiya funksiyasında ifadə olunur. Müasir konstitusiya hüququnda bəzi normalar yalnız davranış qaydası müəyyən etmir, həm də digər konstitusion normaların necə başa düşülməli olduğunu göstərir.
Bu kontekstdə 71-ci maddə Konstitusiyada təsbit olunmuş bütün insan hüquqlarının şərhi üçün ümumi metodoloji istiqamət rolunu oynayır. Başqa sözlə, hüquq və azadlıqların məzmunu bu maddədə ifadə olunan prinsiplər nəzərə alınmaqla başa düşülməlidir. Bu yanaşma müqayisəli konstitusiya hüququnda da tanınan “interpretive constitutional norm” və ya “guiding principle” anlayışlarına uyğundur.
3. Məhdudlaşdırma rejimi və konstitusion sərhədlər
71-ci maddənin ən mühüm funksional elementlərindən biri hüquq və azadlıqların məhdudlaşdırılması ilə bağlı ümumi konstitusion çərçivəni müəyyən etməsidir. Hüquqlar mütləq xarakter daşımır, lakin onların məhdudlaşdırılması yalnız Konstitusiyada nəzərdə tutulan şərtlər daxilində mümkündür.
Bu baxımdan 71-ci maddə aşağıdakı əsas prinsipləri konstitusion səviyyədə möhkəmləndirir:
• qanunilik prinsipi
• hüququn mahiyyətinin pozulmaması
• legitim məqsəd tələbi
• proporsionallıq (mütənasiblik) prinsipi
Bu prinsiplər müasir konstitusionalizmdə, xüsusilə Avropa İnsan Hüquqları Məhkəməsi praktikasında geniş şəkildə inkişaf etdirilmişdir və 71-ci maddənin şərhində mühüm rol oynayır.
4. Dövlətin pozitiv öhdəlikləri
Müasir insan hüquqları hüququnda dövlət yalnız hüquqlara müdaxilə etməmək öhdəliyi daşımır. O, həm də hüquqların real və effektiv şəkildə həyata keçirilməsini təmin etmək üçün aktiv tədbirlər görməlidir. 71-ci maddə bu yanaşmanı təsdiqləyən normativ əsaslardan biri kimi çıxış edir. Dövlətin hüquqları qorumaq və təmin etmək öhdəliyi yalnız formal xarakter daşımır, o, real hüquqi müdafiə mexanizmlərinin qurulmasını tələb edir.
Bu yanaşma həm Birləşmiş Millətlər Təşkilatı sənədlərində, həm də Avropa Şurası insan hüquqları sistemində qəbul edilmiş ümumi standartlara uyğundur.
5. 71-ci maddənin sistemdaxili mövqeyi
71-ci maddə Konstitusiya daxilində digər insan hüquqları normaları ilə birlikdə işləyən bir “ümumi çərçivə norması” kimi çıxış edir. O, ayrı-ayrı hüquqları müəyyən etmir, lakin həmin hüquqların necə həyata keçirilməli olduğunu göstərir. Bu baxımdan 71-ci maddə Konstitusiyanın insan hüquqları hissəsinin “normativ mərkəzi” deyil, interpretasiya mərkəzi kimi xarakterizə edilə bilər.
Beləliklə, 71-ci maddənin hüquqi təbiətinin təhlili göstərir ki, bu norma üç əsas funksiyanı birləşdirir: təminat funksiyası, interpretasiya funksiyası, məhdudlaşdırmanın konstitusion çərçivəsini müəyyən edən funksiya. Məhz bu funksional çoxsəviyyəlilik 71-ci maddəni sadə təminat normasından daha yüksək konstitusion sistemləşdirici norma səviyyəsinə yüksəldir.
Müqayisəli konstitusiya hüququ baxımından 71-ci maddənin analizi
Müasir konstitusiya hüququ göstərir ki, insan hüquqlarının təminatına dair ümumi müddəalar yalnız milli hüquq sistemlərinə məxsus texniki normalar deyil, əksinə, konstitusionalizmin ümumi inkişaf modelinin tərkib hissəsidir. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsi müqayisəli hüquq kontekstində oxşar funksional məqsəd daşıyan konstitusion müddəalarla birlikdə təhlil edilməlidir.
Azərbaycan Respublikasının Konstitusiyası daxilində 71-ci maddə insan hüquqlarının təminatına dair ümumi çərçivə norması kimi çıxış etsə də, bu model təkcə Azərbaycan hüquq sisteminə xas deyil. Əksinə, o, Avropa və qlobal konstitusiya ənənəsində geniş yayılmış “təminat və interpretasiya maddələri” institutunun milli təzahür formasıdır.
1. Almaniya konstitusiya modeli
Almaniya konstitusiya hüququnda insan hüquqlarının təminatı sistemi əsasən Əsas Qanunun (Grundgesetz) ilk maddələrində formalaşır. Burada insan ləyaqətinin toxunulmazlığı və hüquqların dövlət hakimiyyətini bağlayan ali norma olması prinsipi xüsusi əhəmiyyət daşıyır.
Alman modelində hüquqların yalnız tanınması deyil, onların bütün dövlət orqanlarını məcbur edən obyektiv hüquq sistemi kimi işləməsi qəbul edilir. Almaniya Federal Konstitusiya Məhkəməsi təcrübəsində bu yanaşma daha da inkişaf etdirilərək “obyektiv hüquq nizamı” (objective order of values) konsepsiyası ilə möhkəmləndirilmişdir. Bu yanaşma 71-ci maddənin funksional mahiyyəti ilə oxşarlıq təşkil edir: hər iki halda hüquqlar yalnız fərdi müdafiə vasitəsi deyil, dövlət fəaliyyətini istiqamətləndirən ümumi hüquqi çərçivə kimi çıxış edir.
2. İspaniya və Portuqaliya modeli
İspaniya Konstitusiyasında fundamental hüquqların tətbiqi və müdafiəsi üçün xüsusi interpretasiya prinsipləri nəzərdə tutulmuşdur. İspaniya Konstitusiya Məhkəməsi hüquqları geniş şəkildə “effektivlik prinsipi” (principio de efectividad) çərçivəsində şərh edir.
Portuqaliya Konstitusiyasında isə hüquqların tətbiqi zamanı “birbaşa tətbiq edilə bilən hüquqlar” (direct applicability of fundamental rights) konsepsiyası xüsusi yer tutur. Bu yanaşma dövlət orqanlarının hüquqlara passiv deyil, aktiv müdaxilə etməsini tələb edir. Hər iki sistemdə hüquqların yalnız tanınması kifayət sayılmır; onların real həyata keçirilməsi üçün ümumi konstitusion təminat mexanizmləri nəzərdə tutulur. Bu model 71-ci maddənin dövlətə yüklədiyi pozitiv öhdəliklərlə funksional oxşarlıq göstərir.
3. Türkiyə konstitusiya modeli
Türkiyə Konstitusiyasında fundamental hüquqların məhdudlaşdırılması və təminatı sistemli şəkildə tənzimlənmişdir. Burada hüquqların məhdudlaşdırılması yalnız qanunla və demokratik cəmiyyət tələbləri çərçivəsində mümkündür. Türkiyə Konstitusiya Məhkəməsinin və Avropa İnsan Hüquqları Məhkəməsi praktikasının təsiri ilə proporsionallıq və demokratik cəmiyyətdə zərurət meyarları hüquq tətbiqetməsində mərkəzi rol oynayır.
Bu model 71-ci maddənin məhdudlaşdırma rejimi ilə xüsusilə yaxınlıq təşkil edir, çünki hər iki halda hüquqların məhdudlaşdırılması sərt konstitusion çərçivəyə tabe edilir.
4. Avropa İnsan Hüquqları sistemi
Avropa Şurası çərçivəsində formalaşmış insan hüquqları sistemi hüquqların yalnız bəyan edilməsini deyil, onların effektiv məhkəmə müdafiəsini tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsi praktikasında inkişaf etdirilmiş əsas prinsiplər — qanunilik, legitim məqsəd və proporsionallıq: müasir konstitusiya hüququnun ümumi standartlarına çevrilmişdir. Bu sistemdə dövlətlərin “pozitiv öhdəlikləri” xüsusi yer tutur. Yəni dövlət yalnız hüquqlara müdaxilə etməməli, həm də onların real həyata keçirilməsi üçün aktiv tədbirlər görməlidir. Bu yanaşma 71-ci maddənin normativ məzmunu ilə birbaşa uyğunluq təşkil edir.
Müqayisəli hüquq təhlili göstərir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsi təkbaşına və təcrid olunmuş norma deyil. O, müasir konstitusionalizmdə geniş qəbul olunmuş üç əsas ideyanın milli hüquq sistemində ifadəsidir:
1.İnsan hüquqlarının obyektiv hüquqi dəyər olması
2.Dövlətin pozitiv və neqativ öhdəliklər daşıması
3.Hüquqların proporsionallıq prinsipi ilə məhdudlaşdırılması
Bu baxımdan 71-ci maddə beynəlxalq konstitusiya hüququnun inkişaf xətti ilə uyğunlaşan normativ model kimi çıxış edir.
71-ci maddənin hüquq tətbiqində rolu və konstitusiya nəzarəti təcrübəsi
Konstitusiya normalarının hüquqi dəyəri yalnız onların mətnində deyil, həm də onların tətbiq praktikasında özünü göstərir. Müasir konstitusionalizmdə bir norma o zaman real hüquqi əhəmiyyət kəsb edir ki, o, məhkəmə təcrübəsində işlək interpretasiya vasitəsinə çevrilsin. Bu baxımdan Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsi yalnız nəzəri təminat norması kimi deyil, həm də hüquq tətbiq edən orqanlar üçün istiqamətləndirici interpretasiya bazası kimi çıxış edir.
1. Konstitusiya Məhkəməsinin ümumi yanaşması
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqelərində insan hüquq və azadlıqları sistemli şəkildə Konstitusiyanın ali dəyər sistemi kimi qiymətləndirilir. Məhkəmənin yanaşmasında hüquqların şərhi yalnız literal (mətnə bağlı) deyil, həm də sistemli və teleoloji (məqsədyönlü) interpretasiya əsasında həyata keçirilir. Bu yanaşma 71-ci maddənin mahiyyəti ilə birbaşa uyğunluq təşkil edir. Çünki 71-ci maddə hüquqların tətbiqində formal yanaşmanı deyil, onların effektiv və real təminatını tələb edən konstitusion çərçivə yaradır.
2. Hüquqların məhdudlaşdırılmasında konstitusion meyarlar
Konstitusiya Məhkəməsinin təcrübəsində hüquq və azadlıqların məhdudlaşdırılması məsələsi xüsusi əhəmiyyət daşıyır. Bu sahədə əsas meyarlar: qanunilik, legitim, məqsəd, zərurət, proporsionallıq. Bu meyarlar müasir konstitusiya hüququnda, xüsusilə Avropa İnsan Hüquqları Məhkəməsi praktikasında inkişaf etdirilmiş ümumi standartlara uyğun şəkildə tətbiq olunur. 71-ci maddə bu meyarların milli hüquq sistemində konstitusion əsasını təşkil edir və hüquqların məhdudlaşdırılmasının sərhədlərini müəyyən edən ümumi normativ çərçivə rolunu oynayır.
3. Hüquqların effektiv müdafiəsi və məhkəmə təminatı
Konstitusion hüquqların real dəyəri onların məhkəmə müdafiəsi ilə ölçülür. Hüququn yalnız tanınması kifayət deyil; onun pozulması halında effektiv hüquqi müdafiə mexanizmi mövcud olmalıdır.
Bu baxımdan Konstitusiya Məhkəməsinin rolu xüsusi əhəmiyyət kəsb edir. Məhkəmənin təcrübəsi göstərir ki, insan hüquqları yalnız normativ bəyanat deyil, real hüquqi müdafiə predmeti kimi qəbul olunur. Bu yanaşma 71-ci maddənin “təminat funksiyası” ilə birbaşa əlaqəlidir. Maddə dövlət orqanlarına yalnız hüquqlara hörmət etmək öhdəliyi deyil, həm də onların pozulmasının qarşısını almaq və bərpa etmək vəzifəsi yükləyir.
4. Sistemli interpretasiya və 71-ci maddənin mərkəzi rolu
Konstitusiya hüququnda sistemli interpretasiya prinsipi tələb edir ki, hər bir konstitusion norma digər normalarla birlikdə, vahid sistem daxilində şərh olunsun. Bu baxımdan 71-ci maddə Konstitusiyanın insan hüquqlarına dair digər müddəaları ilə birlikdə oxunduqda onların ümumi interpretasiya çərçivəsini müəyyən edən normativ mərkəz kimi çıxış edir. Xüsusilə:12-ci maddə (dövlətin ali məqsədi), 24-cü maddə (insan ləyaqəti), 60-cı maddə (məhkəmə təminatı) ilə birlikdə 71-ci maddə hüquqların həm məzmununu, həm də tətbiq mexanizmini müəyyən edən vahid sistem yaradır. Hüquq tətbiqi təcrübəsinin təhlili göstərir ki, 71-ci maddə yalnız nəzəri təminat norması deyil. O, hüquq tətbiq edən orqanlar üçün:interpretasiya istiqaməti, məhdudlaşdırma çərçivəsi, və təminat öhdəliyi müəyyən edən kompleks konstitusion normadır.
Bu baxımdan 71-ci maddə Azərbaycan konstitusiya hüququnda insan hüquqlarının “praktik işləmə mexanizmini” təmin edən əsas normativ sütunlardan biri kimi çıxış edir.
Nəticə
Məqalənin bütün hissələrinin təhlili göstərir ki, Konstitusiyanın 71-ci maddəsi klassik mənada sadəcə insan hüquq və azadlıqlarının təminatına dair norma deyil. O, Konstitusiyada təsbit olunmuş hüquqların şərhini istiqamətləndirən, onların məhdudlaşdırılmasının sərhədlərini müəyyən edən və dövlətin pozitiv öhdəliklərini formalaşdıran meta-konstitusion interpretasiya norması kimi çıxış edir. Beləliklə, 71-ci maddənin hüquqi mahiyyəti üç əsas səviyyədə özünü göstərir:təminat norması kimi, interpretasiya prinsipi kimi, konstitusion sistemləşdirici mexanizm kimi. Bu üç səviyyənin vəhdəti 71-ci maddəni Azərbaycan konstitusionalizmində insan hüquqlarının normativ fəlsəfəsini ifadə edən əsas müddəalardan birinə çevirir.
Yekun elmi tezis
Konstitusiyanın 71-ci maddəsi insan hüquqlarının sadə təminat norması deyil; o, hüquq və azadlıqların Konstitusiya daxilində necə başa düşülməli, necə qorunmalı və necə məhdudlaşdırılmalı olduğunu müəyyən edən interpretasiya mərkəzi kimi çıxış edir və Azərbaycan konstitusionalizminin insan mərkəzli hüquq fəlsəfəsini normativ müstəviyə daşıyır.