
Türkiyənin paytaxtı Ankara şəhərində 36-cı NATO Sammiti öz işinə başlayıb.
Primeinfo.az xəbər verir ki, açılış mərasimində NATO-nun Baş katibi Mark Rutte çıxış edib.
Çıxışdan sonra Rutte müttəfiq ölkələrin nümayəndələrini səhnəyə dəvət edib. Daha sonra sammit iştirakçıları ilə birgə xatirə fotosu çəkdirilib.
Mərasim çərçivəsində NATO-nun hərbi imkanlarını və alyansın müdafiə potensialını əks etdirən videoçarxlar nümayiş olunub.
***
Bu gün Türkiyənin paytaxtı Ankarada NATO dövlət və hökumət başçılarının 36-cı zirvə toplantısı öz işinə başlayıb. İki gün davam edəcək tədbir çərçivəsində Ankaradakı Prezident Kompleksi Alyansa üzv olan 32 ölkənin liderini, eləcə də minlərlə diplomat, jurnalist və forum iştirakçısını qəbul edəcək.
Primeinfo.az xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.
Sammit çərçivəsində NATO-ya üzv dövlətlərin və hökumətlərin başçıları iyulun 8-də Prezident Administrasiyası Kompleksində bir araya gələcəklər. Bu gün isə həmin məkanda NATO-nun müdafiə və xarici işlər nazirlərinin iştirakı ilə müxtəlif tədbirlər təşkil olunacaq.
Son 3-4 il ərzində NATO sammitlərinin paralel tədbiri kimi keçirilən Müdafiə Sənayesi Forumu ilk dəfə məhz Türkiyədə sammitin rəsmi proqramına daxil edilib.
NATO-nun açıqladığı proqrama əsasən, forum çərçivəsində mühüm bəyanatın verilməsi gözlənilir.
Tədbirdə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, milli müdafiə naziri Yaşar Gülər və NATO-nun baş katibi Mark Rütte çıxış edəcəklər.
Müdafiə sənayesinə həsr olunmuş müxtəlif panel və sessiyaların keçiriləcəyi forum çərçivəsində NATO-nun baş katibi Mark Rütte və Ukrayna Prezidenti Volodimir Zelenski də açıqlamalar verəcəklər.
Mark Rütte daha əvvəl forumun əsas mövzularından birinin müdafiə sənayesi istehsalının artırılması olacağını bildirmişdi.

Ankara dünya liderlərini qəbul edir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, Slovakiya Prezidenti Peter Pelleqrini, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Corcia Meloni, Kanadanın Baş naziri Mark Karni, Albaniyanın Baş naziri Edi Rama, Bolqarıstan Prezidenti Rumen Radev, Monteneqronun Baş naziri Miloyko Spayiç, NATO-nun baş katibi Mark Rütte və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta da daxil olmaqla bir sıra liderlərlə ikitərəfli görüşlər keçirəcək.
Sammit çərçivəsində xarici işlər və müdafiə nazirləri də işçi naharlar zamanı bir araya gələcəklər.
2004-cü ildə İstanbulda keçirilən NATO Sammitində əsası qoyulan və Qətər, Bəhreyn, Küveyt, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin iştirak etdiyi İstanbul Əməkdaşlıq Təşəbbüsü çərçivəsində xarici işlər nazirləri səviyyəsində xüsusi iclas keçiriləcək. Həmçinin NATO-nun İstanbul Əməkdaşlıq Təşəbbüsü Xarici İşlər Nazirlərinin toplantısı baş tutacaq.
Sammitdə transatlantik münasibətlərdə son dövrlərdə artan gərginliyə baxmayaraq, müttəfiqlərin birlik və həmrəylik mesajı verməsi əsas gözləntilərdən biri hesab olunur.
Əsas gündəm mövzuları sırasında Avropanın ənənəvi müdafiədə aparıcı rolunun gücləndirilməsi və ABŞ-ın Avropadakı hərbi mövcudluğunun yenidən qiymətləndirilməsini nəzərdə tutan “NATO 3.0” konsepsiyasının formalaşdırılması yer alır.
Bununla yanaşı, Ukraynaya göstərilən dəstəyin gələcəyi də müzakirə olunacaq. Müttəfiq ölkələrin müdafiə xərclərini və müdafiə sənayesinin istehsal imkanlarını artırmaqla bağlı yeni öhdəliklər götürməsi gözlənilir.
NATO-nun Ankara Sammitinin beynəlxalq media nümayəndələrinin iştirakına görə NATO tarixində ən geniş işıqlandırılan sammitlərdən biri olacağı bildirilir.
Forumun keçirilməsi üçün Ankarada təhlükəsizlik, logistika, rabitə və texnoloji infrastruktur daxil olmaqla bütün zəruri hazırlıq işləri başa çatdırılıb. Rəsmi nümayəndə heyətlərinin qəbulu üçün Əsənboğa, Ankara və Mürtəd hava limanlarından istifadə olunacaq.
Türkiyə və xarici KİV nümayəndələri üçün Prezident Milli Kitabxanasında Beynəlxalq Media Mərkəzi yaradılıb. Burada 1 800 iş yeri, 40 montaj otağı, 100-dən çox canlı yayım nöqtəsi və 11 mətbuat konfransı zalı fəaliyyət göstərir.

![]()
![]()