Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiyanın vəziyyəti ağırlaşır: Ən böyük 10 neft zavodu VURULUB

07.07.2026 11:45

Rusiyanın vəziyyəti ağırlaşır: Ən böyük 10 neft zavodu VURULUB

Ukrayna pilotsuz uçuş aparatları (PUA) iyulun 6-da Rusiyanın ən güclü neft emalı müəssisəsi hesab olunan Omsk Neft Emalı Zavoduna hücum edib. Bu zavod indiyədək dron hücumlarından zərər görməyən ən iri Rusiya neft emalı müəssisələrindən sonuncusu idi.

Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya və Ukrayna üzrə monitorinq aparan mənbələr məlumat yayıb.

İllik emal gücü 22 milyon ton olan zavodda baş verən yanğının görüntüləri monitorinq kanalları tərəfindən paylaşılıb.

Omsk vilayətinin qubernatoru Vitali Xotsenko bildirib ki, vilayət üzərində “düşmən PUA-ları” vurulub, hücumun nəticələri isə dəqiqləşdirilir.

Bundan əlavə, Rosaviasiya ilk dəfə olaraq Ukrayna sərhədindən təxminən 2,5 min kilometr uzaqlıqda yerləşən Omsk hava limanında uçuşlara məhdudiyyət tətbiq edib.

OSINT kanallarının iddiasına görə, dronlar Omsk Neft Emalı Zavodunda yerləşən, illik 8,4 milyon ton gücə malik ELOU-AVT-11 ilkin neft emalı qurğusunu hədəfə alıb. Bu qurğu müəssisənin ümumi istehsal gücünün təxminən 40 faizini təmin edir.

Hadisə şahidlərinin sözlərinə görə, zavoda 7 pilotsuz uçuş aparatı hücum edib və onların heç biri hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmayıb.

Məlumata görə, Omsk Neft Emalı Zavoduna endirilən zərbə Rusiyanın neft emalı müəssisələrinə qarşı həyata keçirilən hücumlar arasında ən uzaq məsafəyə endirilmiş zərbə hesab olunur. Bildirilir ki, bu hücumlar nəticəsində Rusiyada neft emalının həcmi 2000-ci illərin əvvəlindən bəri ən aşağı səviyyəyə düşüb, Kamçatka diyarından Kalininqrad vilayətinə qədər bir sıra bölgələr isə yanacaq qıtlığı ilə üzləşib.

Xatırladılır ki, ötən ilin oktyabrında Ukrayna sərhədindən təxminən 2 min kilometr uzaqlıqda yerləşən Tümen Neft Emalı Zavodu, 2026-cı ilin əvvəlində isə sərhəddən 1,75 min kilometr məsafədə yerləşən Uxta Neft Emalı Zavodu da PUA hücumuna məruz qalmışdı.

Omsk zavoduna endirilən zərbədən sonra Rusiyanın ən iri 10 neft emalı zavodundan bu il dron hücumuna məruz qalmayan müəssisə qalmayıb.

Belə ki, may ayında Leninqrad vilayətində yerləşən “Kirişinefteorqsintez” (21 milyon ton gücündə) və Ryazan Neft Emalı Zavodu (17 milyon ton) hücuma məruz qalıb.

İyun ayında isə “Lukoyl” şirkətinə məxsus “Nijeqorodnefteorqsintez” (16 milyon ton) və “Tatneft” şirkətinin Nijnekamskdakı ən böyük zavodu “Taneko” (12,5 milyon ton) PUA hücumlarının hədəfi olub.

Gücünə görə Rusiyada altıncı yerdə qərarlaşan Yaroslavl Neft Emalı Zavodu (15 milyon ton) may ayında hücuma məruz qalıb və iyulun 6-da yenidən vurulub.

Paylaş: