
Rumıniya Xarici İşlər Nazirliyi ölkənin hava məkanını pozan üçüncü pilotsuz uçuş aparatının (PUA) hərbi qırıcılar tərəfindən vurulmasından sonra Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayevi nazirliyə çağırıb.
Primeinfo.az xəbər verir ki, bu barədə xarici işlər naziri Oana Tsoyu bəyanat verib.
Nazir Rumıniya Prezidenti Nikuşor Danın bəyanatını xatırladaraq bildirib ki, Buxarestin Rusiya Federasiyasına ünvanladığı diplomatik etiraz ölkənin hava məkanının PUA-lar tərəfindən pozulması halları ilə bağlı aparılan təhqiqatların nəticələrinə uyğun olaraq hazırlanıb.
Rumıniya XİN-in yaydığı bəyanatda Rusiyanın eyni zamanda NATO və Avropa İttifaqının hava məkanı sayılan Rumıniya səmasını dəfələrlə pozmasının yolverilməz olduğu vurğulanır:
“Rusiya Federasiyasının bu cür addımları qəbuledilməzdir və biz müttəfiqlərimizlə birlikdə bu məsələyə maksimum ciddiliklə yanaşırıq”.
“Bu ardıcıl pozuntularla əlaqədar Rusiya Federasiyasının səfiri Rumıniya Xarici İşlər Nazirliyinə dəvət edilib”, – deyə Oana Tsoyu əlavə edib.