
Azərbaycan və Rusiya arasında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından sonra dayandırılan bəzi birbaşa aviareyslərin yaxın vaxtlarda bərpa edilməsi planlaşdırılır.
Primeinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Moskvada keçirilən danışıqların yekunlarına dair birgə mətbuat konfransında deyib.
“Yaxın vaxtlarda bir sıra istiqamətlər üzrə birbaşa uçuşların bərpa olunacağı gözlənilir. 2024-cü ilin dekabrında baş vermiş və hər kəsə məlum olan faciəvi hadisədən sonra məhdudiyyətlərin tətbiq edildiyi istiqamətlər üzrə birbaşa reyslərin bərpası gözlənilir”, – deyə Ceyhun Bayramov bildirib.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” təyyarəsi 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçarkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olublar. Qəza nəticəsində 38 nəfər həyatını itirib.