
Macarıstanın Buqaç şəhərində Böyük Hun-Türk Qurultayı keçirilib.
Primeinfo.az xəbər verir ki, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi, səfir Kubanıçbek Omuralıyev qurultayda iştirak edib.
Macarıstan Turan Fondunun təşkil etdiyi 3 günlük tədbir 27-dən çox türk icmasının nümayəndələrini bir araya gətirib. Qurultayda TDT-nin bütün üzv və müşahidəçi dövlətlərindən iştirakçılar təmsil olunublar.
Proqram çərçivəsində ənənəvi idman növləri, musiqi, sənətkarlıq və müxtəlif mədəni tədbirlər təqdim edilib.
Azərbaycanın Əməkdar artisti Nuriyyə Hüseynova da öz ifaları ilə qurultay iştirakçılarıni heyran edib.
Bu il ilk dəfə olaraq yeni aşkar edilmiş arxeoloji tapıntılar və antropoloji üz rekonstruksiyaları nümayiş etdirilib.
TDT Baş katibinin tədbirdə iştirakı təşkilatın türk dünyasının ortaq mədəni və tarixi irsinin qorunmasına və təbliğinə sadiqliyini nümayiş etdirib. Bildirilib ki, belə tədbirlər üzv və müşahidəçi dövlətlər arasında mədəni əməkdaşlığın, xalqlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Qurultay türk xalqlarının ortaq irsinin tanıdılması baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilib.



























