Xəbər axtarın

Son axtarış nəticələri:

Köçərilik: Utançmı, qürurmu?

25.09.2026 13:58

Köçərilik: Utançmı, qürurmu?

Sovet rəsmi tarixçiliyi, İran tarixçiliyi ilə birlikdə məzlum Türklərdə aşağılıq kompleksi yaratmaq üçün köçərilik mövzusunu təhrif etdi. Sovet Azərbaycanı tarixçiliyi də onlardan geri qalmadı, milli kimliyin şəkillənməsi qarşısında keçilməz səddə çevrildi. İndi də xaricdəki və daxildəki Türk düşmənləri bu bayat və elmdən uzaq tezisləri inadla təkrar edir, elə bilirlər bununla Türklüyü susduracaqlar.

2020-ci ildə bu mövzuda yazdığım məqalənin öztürkcəmizə uyğunlaşdırılmış şəklini diqqətlərinizə təqdim edirəm. Məqalənin orijinalına buradan baxmaq olar: https://millidusunce.com/misak/gocebelik-utanc-mi-gurur-mu/

Rusiya, İran və Çində məzlum Türklərə yönəlik siyasətdə milli kimlik məsələlərinə böyük önəmin verilməsi bilinən gerçəklərdəndir. Assimilyasiya sürəcinin ümumiyyətlə uğursuz olmasına baxmayaraq, Türk milli kimliyində həssas təsir qoyması da bir başqa gerçəklikdir. Türkü keçmişindən tamamilə qopartmak mümkün olmadığından bu keçmiş inanılmaz təhriflərə məruz qaldı. Ümum Türk tarixi mikroskop altında incələnərək çeşitli yanlış tezislər uyduruldu. Manqurt nəsil, yaşadığı torpaqlarda yabancı olduğunu, atalarının dünya mədəniyyətinə qatqıları/töhfələri olmadığını… beləliklə hakim millətin (Rus, Fars, Çin/Han) hər sahədə üstünlüyünü qəbul etməlidir, fikri təlqin edilirdi/edilir.

Türklərin köçəri həyat sürərək boşu-boşuna, avara-sərgərdan dolaşdıqları, dövlət həyatına yabançı olmaları, yağma-talanla keçinən güruh olmaları düşüncəsi demək olar bütün rəsmi tarixçiliklərdə və təbliğatda yer almaqdadır. Onlara görə, köçərilik geriliyin bir simvolu idi/simvoludur, vəhşi sözü ilə yanaşı işlədilirdi/işlədilməkdədir.[1]

Pandemiya dönəmində Rusiya Federasiyası Prezidenti Putinin korona virus bəlasını əski Türklərə bənzətməsi bu irqçi yanaşmanın başqa bir əlamətidir. Adında ‘federasiya’ sözü olan bu dövlətin başında duran şəxs bəyan etdi: “Hər şey düzələcək, bu da keçib gedəcək. Ölkəmiz dəfələrlə ciddi sınaqlardan çıxmışdır: Peçeneqlər ona zülm etmişlər, Qıpçaqlar [Polovetslər] də elə. Rusiya hər şeylə baş etmişdir. Bu korona virus salqınına da qalib gələcəyik.”[2] Eyni bənzətməni İran mediasında da dəfələrlə görmüşük. Düşünməmiz lazımdır: İkidə bir köçəriliyə referans edən türkofobiya xəstəsi siyasətçi və yazarlar, nədən köçəriliyi pis bir simvol olaraq dilə gətirirlər və əslində köçərilik nədir?

Kompleksdən çıxış

Qorbaçovun Qlastnost siyasəti bütün Rus olmayanların milli problemlərinin gün üzünə çıxmasına imkan verdiyi kimi, Türklərin də yaralarının üstünün açılmasına nədən oldu. Sovet rəsmi tarixçiliyinin təhrifləri haqqında onlarla kitab, məqalə yazıldı. Aşağılıq kompleksi yaratmağa yönəlik tezislər ifşa edildi. Atalarımızın köçəri həyat tərzi yaşaması utancverici faktmı əcaba? deyə milli aydın kəsim qələmə sarıldı. Bəzi örnəklər verək.

Sovetlərin son dönəmlərində, Murat Adjının məqalələri, daha sonra bir-birinin ardınca çıxan kitabları aşırı dərəcədə siyasiləşmiş toplumda bomba effekti yaratdı. Adjının əsərləri Çar və Sovet dönəmi Rus tarixçiliyinin əski Türklər haqqında uydurduğu tezisləri ifşa etdiyi üçün ən çox satılan kitablara çevrildi. Önəmli əsərlərindən biri olan Qıpçaq Çölünün Yovşanı’nın ortaya çıxması səbəblərindən bəhs edən yazar qəzəblə göstərir: “Vəhşi köçərilər’ baxışı dəyişdirilməlidir. Yetər artıq Türk xalqını vəhşilər səviyyəsinə endirməniz. Mənim atalarım haqqında uydurma şeylər quraşdırıb, vətən tarixi kimi bizə sırımağa son qoyun. Özümü tanımaq istəyirəm və buna haqqım çatır.” O, ictimai fikirdə Qıbçaq, Türk, Tatar adlarının çöldə dolaşıb duran qıyıq gözlü vəhşilər şəklində alqılanmasına üsyan edir. Yayğın təsəvvürlərə görə “bu vəhşilərin bacara bildikləri yeganə iş, zavallı slavyanları yağmalamaq və öldürmək olmuşdur.”[3] Murat Adjıya görə, “Türk olmaq heç də pis deyildir. Pis Türk olmaq ayıbdır.” Böyük Bozqırın (Qıpçaq Çölünün) yüksək kültürü və bu kültür komponentləri haqqında yazarın müqayisələri sırınan şablonları yerlə bir edir. Bozkır kültürünün antik Avropaya, özəlliklə əski slavyanlara təsiri haqqında cəsur, eyni zamanda əsaslandırılmış fikirləri diqqət çəkir. Türk dünyasında, eləcə də Azərbaycanda rəhmətlik Adjının (1944-2018) yaradıcılığını fantaziya, elmlə az əlaqəsi olan əsərlər kimi dəyərləndirənlər də ola bilər. Ancaq məsələyə bir də milli şüur sahibi əski Sovet insanının gözü ilə baxmaq gərəkdir. Bu insan uzun illər Sovet rəsmi tarixçiliyinin/təbliğatının aşağılayıcı tezislərinin basqısı altında iztirab çəkmiş bir Kumuk Türküdür.
Türkmənistanın ilk prezidenti Saparmurat Türkmənbaşı, Ruhnama adlı əsərində “Türkmənləri talançı, gözünü qırpmadan insan qətl edə bilən, bir-birini öldürən vəhşi bir xalq olaraq tanıtmalarını, çadırda yaşayan, təhsilsiz, kültürsüz, köçəri millət” kimi tanıdanları protest etmişdir.[4] Türkmənbaşı, əski Türklərin bəşər mədəniyyətinə bütün qatqılarını/töhfələrini Türkmənlərin adına yazır; vətəndaşlarını “İslam dünyasında elmin, ədəbiyyatın, sənətin karvanını çəkən Türkmən” kimliyi ilə qürur duymağa çağırır.

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev, millət quruculuğu (nation building) sahəsindəki təşəbbüsləri ilə Türk Dünyası siyasilərinə örnək səciyyəli liderdir. Ulu Bozkırın Yeddi Özəlliyi məqaləsi kompleksdən çıxma çağrılarını da aşan, milli proqram xarakterli sənəddir.[5] Burada əski prezident Ulu Bozkır Uygarlığı’ndan/sivilizasiyasından bəhs edir; bu uyqarlığın atlı əsgər, yəhər və üzəngi, geyim modeli, ox, qılınc, zireh, metallurgiya, heyvan növləri kimi biləşənlərini/komponentlərini vurğulayır. Nazarbayev adı ilə sosial mediada dolaşan qısa paylaşımlar da bu həssas mövzulara həsr edilmişdir.[6]

Sovet dönəmində siz köçərisiniz, sizi biz adam etdik, bunu qəbul etmək zorundasınız/məcburiyyətindəsiniz… kimi aşağılayıcı eyhamları o dönəmin düşünən insanları yaxşı xatırlayır. Əski prezident Nazarbayev bu siyasət və aşağılayıcı təbliğatı protest edir. Bu, Qazaxıstan Türklərinin ən azından idarəçi elitinin aşağılık kompleksindən çıxdığının/çıxmaq istəyinin göstəricisidir. Məqalənin son cümləsi – Keçmişindən qürur duymaq, bu gününü yaxşı tanımaq və gələcəyə olumlu/müsbət baxmaq – ölkəmizin uğurunun açarıdır. – tamamilə dəqiq və anlamlıdır.

Kompleksdən çıxma cəhdlərinə daha bir örnək; Gürcüstan sərhədlərı daxilindəki Borçalı bölgəsində, 2009-2016 illər arasında, qurultay mahiyyətində illik yığıncaqlar düzənləndi. Bu yığıncaqlar mövsümi heyvandarlıq kültürünü xatırladan Elat Bayramı (tam adı Borçalı Türklərinin Elat Mədəniyyəti Günü) adını daşımaqda idi.

Adı çəkilən xoş örnəklər yanlış alqı/təsəvvür yaratmasın: Bu müsbət gəlişmə hələ tam olaraq yerləşməmiş, dərs kitablarına keçməmiş, kütlə tərəfindən hələ mənimsənilməmiş yeni meyldir. Özəlliklə də Türk Dünyasının böyük qismində Türk düşmənçiliyi/türkofobiya ruhunu yayan təhsil sistemi hakimdir; ənənəvi Batı/Qərb oryantalizminin Türk əleyhdarlığı hələ də ayaqdadır.

Köçərilik nədir?

Köçərilik haqqında təxminən eyni tanımlamalar/təriflər mövcuddur. Ensiklopedia Britannica (Nomadism), Bolşaya Sovetskaya Ensiklopedia (Кочевники) və Wikipedia (Göçebelik) kimi yayğın ensiklopediyalarda köçərilik üçün ortaq şərt heyvandarlıqla məşğul olan əhalinin yeni otlaqlar tapmaq məqsədilə yaşayış yerlərini dəyişdirməsidir. Köçərilikdə insanların və heyvanların iqlimə, coğrafi şərtlərə bağlı olaraq yaylağa enməsi və dağa çıxması, daha doğrusu heyvanın doğal həyatına uyması faktıdır. Bu mövsümlü yerdəyişmə, ya da coğrafi şərtlərə uyum arayışı böyük miqyasda yaşam qaynağı olan heyvandarlığa bağımlığıdır. Wikipedia eynı məqalədə əlavə edir; “Əkinçiliyə dayalı yaşama keçilmədən öncə heyvandarlıqla uğraşılmakda və bunun doğal sonucu olaraq heyvanların baxım və bəsləmə şərtləri köçəriliyin doğal yaşama uyumunu gərəkdirməkdədir.”

Köçəri və ya yarı köçəri heyvandarlıq haqqında təxminən 100 il öncə ortaya çıxan nəzəriyyəyı görə, köçəri barbarlıqdan yerləşik kültürə (uyqarlığa) keçiş sxemi bu şəkildə qurulmuşdu: Toplayıcılıq (yığıcılıq və ovçuluq, sonra çoban heyvandarlığı-köçərilik, daha sonra əkinçilik, en son mərhələdə isə şəhər yaşam tərzi.

Bu gün araşdırmaçıların bir qismi fərqli düşünməkdədir. Onlara görə, bu sxemdə əkinçilik ikinci sırada yer almışdı. Yəni insanlığın sosial təkamülünü ifadə edən sxem aşağıdakı şəkildə olmalıdır: Öncə toplayıcılıq və ovçuluq, sonra əkinçilik və daha sonra heyvandarlıq. Heyvandarlıq da iki sistemin təməlini təşkil edir: Köçəri heyvandarlığı və şəhər yaşam tərzi. Başqa bir deyişlə, köçəri heyvandarlığı ilkəl/primitiv deyil, əkinçilik qədər gəlişmiş bir həyat tərzi olaraq görülür.[7]

Berkeley Universitetindən John Smith’ə görə, heyvandarlığın daha artıq məhsuldar olmasının səbəbi, torpaq, ya da otlağın istifadəsi üçün ödənişin adətən yoxluğunda, idarəçilik xərclərinin aşağı olmasında və nisbətən daha az əmək tələb etməsindədir. Ona görə, köçərinin yaşam səviyyəsi gənəlliklə daha yüksəkdir və köçəri maldar ailə, sosial baxımdan ‘orta sinif’ kateqoriyasına uyğundur.[8] Prof. John Smith, heyvandarlıqla məşğul olan köçərilərin sosial statusunda əsgər yönünü özəlliklə vurğulamaqdadır: “Köçəriliyin köçəri üçün olmazsa olmazlığı və tarixçilər üçün önəmi artıq bilinməkdədir. Köçəri başarılı ola bilməzsə, sadəcə qoyununu deyil, eyni zamanda atını da itirir; o sadəcə kəndliyə çevrilməz, eyni zamanda cəngavərlik etibarını da itirər. Başarılı olduğu zaman isə, sadəcə bir çoban deyil, eyni zamanda bir atlı cəngavər mövqeyindədir. Çevrəsi isə çobanlardan və əsgərlərdən ibarətdir.”[9]

Oturaq kəndli, sahib olduğu ərazinin təmin etdiyi imkanlara qane olmaq məcburiyyəti qarşısında qafasında yaratdığı bir tanrıya tapınır, bu sürəcdə də onda dinə aşırı bağlılıq yaranır. Köçəri isə sürülərini bəsləmək üçün sürəkli yeni otlaqlar aramaq zorundadır və dünya ona hər zaman “dar gəlir”. Köçəri, saysız-hesabsız sürülərini fərqli üsullarla – qış vaxtı bir yerə, yay vaxtı başqa yerə – bir-birindən uzaq məsafələrə sürməyi, otlaqları və suyu silahla qorumağı, heyvanları yaylaqlarda və qışlaqlarda bəsləməyi, onları müxtəlif xəstəliklərdən qorumağı, lazım olanda otlaq və su qaynaqlarının ortaq istifadəsi üçün digər sürü sahibləri ilə anlaşmağa varmağı bacarmalı, aralarındakı haqsızlıq və anlaşmazlığın aradan qaldırılması üçün idarəçinin və idarənin yaradılmasını başarmalıdır. Zamanla, geniş torpaqlarda kəskin rəqabətin ortaya çıxması, köçəri ailələrini, toplanaraq güclü bir təşkilat qurmağa, bunu “məşrulaşdırmaq” (legitimləşdirmək) üçün isə hüquqi yollar aramağa zorlamışdır. Göstərilənlər, heyvandarlıqla məşğul olan köçərini, oturaq əkinçi kəndliyə nisbətlə daha hərəkətli və mütəşəkkil olmağa, daha erkən dövlət və güclü ordu qurmağa təşviq etmişdir. Avstriyalı elm adamı Oswald Menghin bu məsələ haqqında belə yazmaqdadır: “Ən əski yüksək mədəniyyətlər, daha çalışqan və əkinçi olmaqla birlikdə, dövlət qurmaqda yetərsiz qalan qövmlərin oturaq halda bulunduğu çay vadilərinə savaşçı atlı çobanların müdaxiləsindən sonra doğmuşdur.”[10]

Əski Türklərdə köçərilik

Modernizm öncəsi dönəmdə Türk tarixinin ən önəmli faktorlarından birisi köçərilik hadisəsidir. Bununla belə köçərilik haqqında bəzi qiymətli əsərlərin olmasına baxmayaraq Türk tarixçiliyində bu problem hələ tam şəkildə araşdırılmamışdır.

İnsanın təbiət güclərinə hakim ola bilmədiyi əski çağlarda, doğal və coğrafi şərtlər ən önəmli rolları oynamaqda idi. Kəskin kontinental iqlim – yayda aşırı isti, qışda aşırı soyuq – spesifik iqtisadi fəaliyyət tələb edir. Geniş otlaqları, bir miqdar yağışı olan bozkırlar (çöl, səhra deyil – burada yağış miqdarı daha azdır) “çoban” kültürünün ortaya çıxması, heyvandarlığın inkişafı üçün uyğun şərtləri yaradır.[11]
Əski Türklərin sürəkli hərəkət halında olma səbəblərini, hər şeydən öncə yerləşdikləri coğrafiyanın və qurduqları iqtisadiyyatın özəlliklərində axtarmaq gərəkdir. Bilindiyi kimi, əski Türklərin hərəkət qabiliyyətinin güclü olmasında at böyük önəmə sahibdi. At sadəcə minik və daşıma vasitəsi olaraq istifadə edilməmiş, Türklərin hərbi gücünün də təməlini təşkil etmişdir. Bir çox elm adamı, atların ilk dəfə Türklər tərəfindən əhliləşdirildiyini iddia etməkdədir. Sürəti təmsilən minik atı, həm də dönəmin yüksək texnologiyasının simvolu olmuşdur.[12] Dünya hərb tarixində Savaş Atı Çağı (sürəsinə görə mübahisəli olsa da) anlayış olaraq qəbul edilmişdir.

Türk bozkır kültürünün bir başqa xarakteristik ünsürü də dəmir idi. Tarixdə ilk dəfə dəmiri Türklərin istifadə etdiyi fikri yayğındır. Altaylarda və Yenisey çayının qaynağında bol miqdarda demir mədəni mövcud idi, dəmirdən keyfiyyətli silah və digər alətlər düzəldilməkdə idi.

Bozkır Türk dövlətlərində hər fərd savaşa hazır durumda olduğu və toplumun hər üzvü əsgər kimi yetişdirildiyi üçün, Türk ordusunu digərlərindən fərqləndirən, ordunun pullu-muzdlu olmaması, sürəti və əsasən atlı birliklərdən yaranması idi. Orduda ən böyük birlik, 10 min əsgərdən ibarət olan tümən idi. Tümənlər minlərə, yüzlərə və onlara bölünür, buna uyğun olaraq, bu birlikləri minbaşılar, yüzbaşılar və onbaşılar başçılıq edərdi. Onlu sistem içində, bütün birliklərin onbaşılardan tümənbaşılara qədər bir komanda zənciri halında bir-birinə bağlı olması, əski Türk siyasi strukturunu (yapısını) sosial baxımdan bölücü boy qalıbından qurtararaq, “dövlət” halına gətirmişdi. Üstəlik, idari vəzifəlilər eyni zamanda əsgər olduğu və ordunun vəzifə ciddiyyəti idari birliklərə də sirayət etdiyindən dolayı, dövlət mexanizmi hərbi disiplinlə işləməkdə idi. Bu, Türk dövlətinin hərbi xarakterini göstərdiyi kimi, əski Türklərin “ordu-millət” olduğunu da izah etməkdə idi.

Hind-Avropalı topluluqlar torpağı “ata” olaraq görürkən, əski Türklər dövləti “ata” saymakdaydı. Əski Türklər sadəcə azad və bağımsız yaşaya biləcəyi torpağı vətən olaraq görür, bu şərtlərin mövcud olmadığı yerləri isə asanlıqla tərk edə bilirdilər (Türk yayılmasının başqa bir səbəbi). Əski Türklərdə hakimiyyət (ərklik) xarizmatik bir xarakter daşımaqda idi, yəni Tanrı’nın bir vergisi sayılmaqda idi. Hökmdarın (tanhu, hakan, kağan, xan, elxan…) Tanrı tərəfindən göndərildiyinə inanmaqda idilər. Tengriçiliyə tapındıqları üçün hökmdara göydən siyasi qüdrət (kut) verildiyinə inanırdılar.

Kutadgu Bilig’ə görə, xalqın hökmdardan istədiyi iqtisadi sabitlik, ədalətli qanun və ictimai düzən idi. Qanunlara riayətlə bağlı bu qaynaqda belə yazılmaqdadır: “Ey hökmdar, sən öncə bunları yerinə yetir, sonra öz haqqını istəyə bilərsən… Bəy, yaxşı qanun qoy… Qanuna özün riayət et ki, xalq da sənə itaət etsin… Bəy, qüdrətli ol, xalqı qüdrətli elə, bunun üçün onun qarnını doydurmaq lazımdır.”
Əski Türklərdə aşırı hərəkətliliyin səbəblərini izah edə bilmək üçün Türk cahan hakimiyyəti fikrinə də qısaca toxunmaq gərəkdir. Bizə çatan tarixi abidələrin hamısında, bu mövzuda dastanlarda vurğulanan ana düşüncə, “dörd cəhətdən” ibarət olan cahanda Türklərin hakimiyyətinin doğal/təbii görünməsidir. Bu düşüncəyə görə, “günəşin doğduğu yerdən batdığı yerə qədər” Türk hakimiyyəti qurulmalı idi. Bu düşüncə, Türk fütuhat fəlsəfəsinin ana qaynağı və təşviq nöqtəsi idi.[13]

Çağdaş millətlər haqqında dövlət quruculuğu milli yaradıcılığın zirvəsidir məntıqi əski və Ortaçağ dönəmi üçün də keçərlidir. Cahangirlik dönəminin şərtlərinə ən yaxşı hazırlanmış toplumlardan olan Türklər, böyük fətihləri ilə dünya tarixinə damğasını vurmuş, geniş torpaqlarda bir neçə dünya dövləti qura bilmişdi. Bunlardan Asiya Hun İmperatorluğu aşağı-yuxarı altı yüz il (M.Ö. 4.yy – M.S. 2.yy.), Avropa Hun İmperatorluğu təxminən yüz il (M.S. 4.yy. ortası-5. yy. ortası), Ağ Hun İmperatorluğu təxminən iki yüz il (350-557), Tabgaç Dövləti təxminən iki yüz il (387-556), Göktürk Kağanlığı təxm. iki yüz il (552-745), Uyğur Kağanlığı yüz il (742-840), Böyük Bulqar Dövləti iki yüz ildən artıq (630-tahm. 852), Xəzər Kağanlığı üç yüz ildən artıq (630-965)… hökm sürmüşdür. Uzun müddət İpək Yolu əski Türklərin nəzarətində olmuşdur. Çin, Sasani, Bizans, Roma kimi qüdrətli dövlətlər, Türk dövlətlərinin hərbi gücünü qəbul etmək məcburiyyətində qalmışlar.

Türklərin ehtiraslı enerjisi böyük ölçüdə uzun məsafələrin qət edilməsinə, savaşlara və dövlət quruculuğuna xərclənmişdir. Əski Türklər ticarətə, əkinçiliyə, sənətkarlığa (dəmirçilik və silah istehsalı istisnadır), ümumiyyətlə oturaq həyata yuxarıdan aşağı baxmış, bu sahələri təmsil edənləri aşağı sinifdən saymışdır. At üstündən yerdəkinə yuxarıdan baxan köçərinin yüksəklik duyğusuna qapılması sıradan bir hal idi. Köçərini fərqləndirən əsas keyfiyyətlər onun cəsarəti, mərdliyi, dürüstlüyü idi. “Sonunu düşünən qəhrəman olmaz” köçərinin irrasional davranışını müəyyən edən əsas prinsip sayıla bilər. Oğuzların köçəri qisminin oturaqlara verdiyi aşağılayıcı yatuk adı məşhur bir tarixi faktdır. Qara Yörük Osman’ın (ö. 1435) Öyüdnamə’sində əski köçərilik (yörüklük) gələnəyinin bəyliyin və Türklüyün/Türkmənliyin ilk şərti sayılmaqdadır. Öyüdnamə’nin birinci maddəsində: “Olmasuz ki oturak! Olasuz ki beglik Türkmanlıq və yörüklük edənlərdə qalur.”[14] yazılmışdır.

Aktes N. Kurat köçərilik mövzusundakı məqaləsində bu yapının/strukturun bir ölümsüz/mənfi kritik tərəfinə diqqət çəkir; “Köçəriliyin ən bariz evsafından [keyfiyyətlərindən] biri, çox davamlı olması, minlərcə sənə şəklini mühafizə etməsidir.”[15] Dünya tarixinin bəlli bir dönəmində bu mühafizəkarlıq Türklərdə gəlişmənin qarşısına keçib əngələ çevriləcəkdi.

Çətin dəyişim

Adı çəkilən dönəm Batı Avropasının möcüzəvi bir şəkildə irəli çıxması ilə başlayır. Gənəlliklə 1500’lərdə başlayan gəlişmə Avropanı “incəlikdən məhrum xalqlarını… ticari və hərbi lider mövqeyinə” gətirdi.[16]
Öncə əkinçilikdə baş verən inqilabı göstərmək gərəkdir. Ağır kotanın kəşfi əkinçilikdə istehsalı xeyli yüksəltdi. Əkinçilikdə yeni texnologiya tətbiq edildi, tarlalar şumlandı və bu şumlanmış tarlalarda ticari əkin başladı. Bu istehsal nəticəsində Avropa şəhərlərində əkinçilik bazarları quruldu. Bu da şəhərlərdə yaşayan və əkinçilik məhsullarına asan əli çatan insanlar üçün böyük rahatlıq yaratdı. Avropanın fərqli iqlim özəllikləri, mübadilə üçün uyğun məhsulların əldə edilməsini təmin etdi.

1492-də Kolombun Amerika qitəsini kəşfi dünya dəniz və dənizaşırı ticarətinə təkan verdi; su yolu nəqliyyatı çox ucuz olduğu; Avropa’nın artan əhalisinin və yeni rifah mərkəzlərinin ehtiyacını təmin etmək üçün ticarət donanmalarının yaradılmasına həyati önəm verildi. Dünya ticarət yolları dəyişdi, məşhur İpək Yolu öncəki önəmini sürətlə itirdi. Dünyaya yayılan və zənginləşən Avropa, ticarət gəmilərindən sonra yeni torpaqlara əsgər göndərməyə başladı.[17] Hərbi yayılma isə yeni hərbi texnologiyalar tələb etməkdə idi.

Dini-siyasi həyatda Reforma hərəkatının başlaması, Roma Kilsə’sinin Avropa siyasi və mənəvi həyatı üzərində inhisarının çökməsi; fərqli məzhəblərin və milli kilsələrin ortaya çıxması; millətləşmə sürəcinin başlanması; fikir azadlığı prinsipinin qəbulu, 16. yüzilin Avropa’sında yeni
dönəmin doğması deməkdi. Beləcə Avropa dünya səhnəsinin mərkəzinə doğru sürətlə irəliləməkdə idi. Türk Dünyası və ya daha geniş anlamda İslam aləmi bu yeni çağırışları necə qarşıladı?

16. yüzildə Türk Dünyasının üç siyasi mərkəzi – Osmanlı, Səfəvi və Babür dövlətləri həm də dünyanın ən böyük və qüdrətli dövlətləri sayılmaqda idi.(Xəritəyə baxın).[18] Avropa, Osmanlı əsgərinin irəliləməsi qarşısında titrəyir, Səfəvilər sərhədlərini doğuya doğru genişlədir, Hindistan’ın böyük qismini qapsayan Babür İmperatorluğunda işlər yaxşı gedirdi. Türk dövlətləri zirvə/pik nöqtəsində idi.
16. yüzildə Türk hakimiyyəti coğrafiyası

Bu yüksəliş dönəmlərində Osmanlı və Səfəvi dövlətlərini məşğul edən ən önəmli məsələlərdən biri köçərilikdir! Silahlı gücə sahib köçəri boylar; ənənəvi dövlətdən modern dövlətə keçiş və mərkəzləşmiş dövlətin qurulması qarşısında keçilməz sədd yaratmaqda idi.

Oturaq həyata keçməyə həvəssiz yanaşmaları, vergidən qaçmaq bir yana, “fərman padşahın, dağlar bizimdir” deyən, köçəri/yarım köçəri boylar bütün mümkün vasitələrlə meydan oxuyurlar. Köçərilər, özəlliklə boy bəyləri; alışdıqları ekstensiv (genişləmə) xarakterli bozkır heyvandarlığından intensiv (yoğunlaşan) səciyyə alan əkinçiliyə keçməyi həyati təhlükə sayırlar. Modernləşən dövlət onların ənənəvi hərbi gücünə də artıq böyük ehtiyac duymur. Osmanlıda yeni hərbi texnologiya ilə təchiz edilən Yeniçəri, Səfəvilərdə Qulam birlikləri qurulur. Koroğlu “tüfəng çıxdı, mərdlik getdi” deyə yanıb tökülür.

Köçərilik, Türk Dünyasında önəmli jeopolitik gəlişməyə də təkan verir. Əsasən Anadolunun güney-doğusundan qopan Şamlı, Musullu, Rumlu, Ustaclı, Dulkadir, Təkəli, Hınıslı, Əfşar, Baharlı, Varsaklı kimi böyük boylar Osmanlı Sultanına vergi, əsgər vermək istəmədiklərindən doğudakı Ərdəbil Səfəvi Ocağına xidmətlərini təklif edirlər.[19] 12-13 yaşındakı (1487 doğumludur) İsmayıl Səfəvi və yanındakı Fars fikir babaları bu təklifdən məmnundurlar. Sonuc – Güney-Doğu’dakı Türk ünsürünün zəifləməsi – bugünkü Güney-Doğu məsələsinin tarixi təməlinin atılması; eyni etnik tərkibli Anadolu və Azərbaycan coğrafiyalarında fərqli məzhəb-ideologiyaların (Sünnilik və Şiəlik) yozlaşdırdığı/dejenere etdiyi toplum; Türk Dünyasının siyasi-ideoloji baxımdan bölünməsi.

Bu arada Osmanlıdan fərqli olaraq Səfəvilərdə iskân/köçürmə siyasəti daha uğursuz oldu. Şah Təhmasp dönəmində başladılan boyları tam nəzarətə almaq siyasəti Şah Abbas dönəmində pik nöqtəsinə çatdı. Türk boyları param-parça edildi, bəziləri geriyə – Anadoluya döndülər.

Türk Dünyasında millətləşmə sürəcinin yavaş getməsinin səbəblərindən biri də məhz bu köçərilik ənənəsinin həddən artıq uzanması idi. Boylar bütünə qarışmağa (modern Türk milləti yaranmasına) dirəndilər.

İndiki İran coğrafiyasında köçəri silahına dayanan siyasi hakimiyyətin qırılqanlığı/həssaslığı da başqa bir akademik mövzudur. Bu məsələ təxminən yüz il öncə görkəmli fikir adamı Əhməd Ağaoğlu’nun da diqqətini çəkmişdir.

Əhməd Ağaoğlu’nun məsələ haqqında görüşləri

Əhməd Ağaoğlu, İran və İnqılabı əsərinə 16. yüzilin başlarından etibarən Avropa’dakı dərin gəlişmələrin baş verməsi faktı ilə başlayır. “Renessans baharı”ndan sonra “yeni bir insan[ın] zuhur etmiş və yeni bir yol və iz üzərində yürüməyə başladığını” vurğulayır.[20] Batı’da yeni yaşayış tərzi yaranır və… “Şərq ilə Qərb arasındakı müvazinəsizlik o gündən başlayır və Şərqin Qərbə qarşı zafını [zəifliyini] bu qəflət təyin edir.”
Ağaoğlu, 16. yüzilin başlarında Türklüyün durumunu anladır; “…Şərqin ən mühüm parçası Türklərin əlindədir. Tuna/Dunay çayından Çin ölkələrinə qədər bir tərəfdən, Misir hüdudundan Kafkasya dağlarına qədər digər tərəfdən və Qıpçaq çölündən Hindin ortasına qədər üçüncü tərəfdən həp Türkün əlindədir. Genişliyinə görə Avropa’nın iki üç misli olan və əhali baxımından da ondan pək çox əhalisi olması çox muhtəməl olan bu sahədə tək hakim Türk’dür.” (Xəritəyə baxın).

Daha sonra dövlətlərin adları sıralanır. Əskimiş və yozlaşmış yaşayış tərzi, Türk dövlətlərinin bir-biri ilə savaşları, bölünmüşlük halı dilə gətirilir. Ağaoğlu, Türk dövlətləri qurulan zaman öz dəyərlərinə bağlı qaldıqlarını təsbit etdikdən sonra, zaman keçdikcə “hər yerdə Türk rəhbərlərini başqa lisanlara, başqa adətlərə qapılmış buluruz” deyir.

Təxminən dörd səhifəlik İran’da Türk Dövlətləri başlıqlı bölüm, akademik dərinliyə sahibdir. Ağaoğlu, İran’dakı müxtəlif qövmlər arasında Türk ünsürünün ‘ən canlı, ən fəal olduğu’ gerçəkliyini vurğulayır; “İran’ı min sənədən bəri idarə edən, ona bəzən cahanşümul bir qiymət verdirən Türklərdir… İran’ın son min sənəlik tarixi həqəqətən və doğrudan doğruya Türk tarixinin bir şöbəsidir.”[21]

Ancaq bu parlaq görüntünün altında olumsuz bir durum gizlidir; “…Türklər başqa yerlərdə göstərdikləri zafı [zəifliyi] burada da göstərmişlər. Felən və maddətən hakim olduqları halda mənəvi hakimiyyətlərini qurmaqda qüsur göstərmişlər. Hökumət, ordu, ticarət, ziraat və hətta ədəbiyyat əllərində ikən şəxsiyyətlərinin [kimliyinin] ən canlı və ən davamlı amili olan dillərini tamim etdirəməmişlərdir [gənəlləşdirə bilməmişlər]. Tərsinə olaraq başqalarının dillərini dövlət dili olaraq qəbul etmişdilər və sahibi olduqları dövlətə Türk dedirtməyi ihmal eyləmişlərdir. Bu surətlə dövlət milliləşmək qabiliyyətini itirmişdir.”[22]

Sonrakı paraqraflar bu təsbiti açıqlama xarakterindədir. “Şərqin bütün tarixi isbat edir ki; əgər Türk sülalələrində milli şüur olsaydı, bütün bu cərəyanlar Türkcə olacaqdı və bu surətlə Türk harsı [kültürü] milliləşərək bütün Şərqə hakim olacaqdı. Əlişir Nəvai’nin əsəri isbat edir ki; Türk lisanı belə bir harsı tanımaq və bəsləmək qabilyyətinə malikdi. Fəqət nə çarə ki, məhz bu şüur olmamışdır.”[23]

Ağaoğlu analizində daha dərininə gedir. Məhz dövlətin milliləşməməsi və hakim xanədanlarda milli şüurun olmamasının kökü nədir? Bu dövlətlərin “keçici və suni konfederasyonlar mahiyyətində” olması! Bu konfederasyonlarda “milli hakimiyyətdən ziyadə qəbilə tahakkümü [basqısı]… Məhz İran’da gəlib keçən Türk dövlətlərinin xüsusiyyətləri!” Və adı keçən xüsusiyyətlər bunlardır: 1) Dövlətin milliləşməməsi [Türkləşməməsi]; 2) Dövlətin qəbilə konfederasyonu şəklində qalması; 3) Dövlətin məhkum ünsürlərin [Farsların] mənəvi və pozucu təsirlərinə məruz qalması.[24]
Beləcə, Əhməd Ağaoğlu, İran’da Türklüyün yozlaşıb itirə-itirə gəlməsini köçəriliyə aşırı bağlılığı ilə izah etməkdədir.

Sonuc

Əski Türklərin köçəri (yarı köçəri, elat və s.) həyat tərzinə sahib olmasını başa qaxınc edib təbliğat vasitəsinə çevirənlərin iftiralarını cavablandırmaq, Türkçü düşüncə sahiblərinin boynunun borcudur. Doğal şərtlərin təkan verdiyi aşırı gücün qarşısında ortaya bir şey qoya bilməyən qövmlərin nəvələrinin iftiralarını çürütmək/təkzib etmək ehtiyaclardan biridir; çağımız Türklərin kompleksdən çıxması üçün gerçəklər ortaya qoyulmalıdır. Əski Türklərin antik və Ortaçağlar cəngavərlik dönəmindəki keçmişi, qürur qaynağı ola bilər və olmalıdır.

Bununla belə Modernizm dönəmində Türklüyün yeni çağırışları göz ardı etməsi; ticarət və zənginləşmə, daha sonra isə bilgi çağını qaçırması obyektiv şəkildə dəyərləndirilməlidir. Elmə/informasiyaya dayanmayan “Türkçü araşdırmaların” heç bir faydası yoxdur. Köçərilik faktını yox saymaqla Türk tarixinin fəlsəfəsini dərk etmək mümkün deyildir.

Türk köçərilik tarixinin ən önəmli dərslərindən biri- yeniliklərə dirənməyəcəksən, əksinə ona can atacaqsan. Yeniliyi yaratmalısan, ancaq hər yeniliyi özün yaratmaq zorunda da deyilsən. Səndən kənardakı yeniliyi mənimsəmək özü-özlüyündə bir mərifətdir.
Köçərilik utanç və ya qürur qaynağını aşan çoxyönlü ciddi bir akademik problemdir. Köçərilik və ya daha geniş anlamda Bozkır kültürü faktı daha dərin araşdırmalara möhtacdır. Bu mövzu, yerli araşdırmaçılar tərəfindən ən obyektiv şəkildə işlənə bilər.

***

[1] Sovet rəsmi görüşünü paylaşmayan az sayda elm adamlarından biri də Lev Gumilyov idi. Əsərlərinin birində Gumilyov: “Köçərilərin mədəniyyəti qavraya bilməmələri və yaradıcılığa qadir ola bilməmələri haqqında yayğın fikir ‘qara əfsanə’dən başqa bir şey deyildir. Böyük Çöl’ün köçəriləri insanlıq tarixi və mədəniyyətində Avropalı və Çinlilərdən, Misirli və Perslərdən, Aztek və İnkalardan az rol oynamamışlar. Yalnız onların rolu özəl və orijinal olmuşdur… Bu rolu uzun zaman görə bilməmişlər” şəklində ifadə etmişdir. Л. Н. Гумилев, Тысячелетие вокруг Каспия, Баку: Азернешр, 1990, с. 70.

[2] https://rossaprimavera.ru/news/702d73f8 24.04.2020 tarixində izlənilmişdir.
[3] Мурат Аджи, Полынь Половецкого Поля, Москва: АСТ, 2006, с. 8-9.
[4] Saparmyrat Türkmenbaşy, Ruhnama, Aşgabat, 2001, s. 45.
[5] Nursultan Nazarbayev, Ulu Boskırın Yedi Özelliği, http://www.oncevatan.com.tr/…/buyuk-bozkirin-yedi…
[6] Örnek olaraq baxın: https://www.youtube.com/watch?v=JgJAi1PMIbA; https://www.youtube.com/watch?v=sW0wKjJdMpU
[7] Baxın: John Man, Genghis Khan. Life, Death and Resurrection, Transworld Publishers, 2004, p. 51.
[8] John Masson Smith, Jr., Turanian Nomadism and Iranian Politics, Iranian Studies, vol. XI, 1978, pp. 57-60.
[9] Yenə orada, s. 61.
[10] Alıntı: İbrahim Kafesoğlu, Türk Millî Kültürü, İstanbul: Boğaziçi, 1989, s.211.
[11] Prof. Dr. İbrahim Kafesoğlu təxminən 40 il öncə çöl və bozkır iqliminin fərqli olduğunu “Türklərin nomad (göçebe) cemiyet sayılması mümkün değildir” deyərək yayğın görüşə qarşı çıxmışdır. Yenə orada, s.34.
[12]Sovet dönəmində qonşu Gürcüstan və Ermənistan’da at belində qəhrəman heykəlləri olduğu halda Azərbaycan’da bu cür heykəllərə əsla izin verilmədi. Görünür başqa Türk bölgələrində də atlı qəhrəman abidələri olmamışdır. Bağımsızlıqdan sonra bütün Türk paytaxtlarında at ve ya atlı qəhrəman heykəlləri dikildi.
[13] Geniş bilgi için baxın: Osman Turan, Türk Cihan Hâkimiyeti Mefkûresi Tarihi, İstanbul: Ötüken, 2006.
[14] Seyfeddin Erşahin, Akkoyunlular. Siyasal, Kültürel, Ekonomik ve Sosyal Tarih, İstanbul, 2002, s. 298.
[15] Akdes Nimet Kurat, Makaleler, 1. Cilt, Ankara: TTK, 2015, s. 107.
[16] Paul Kennedy, Büyük Güçlerin Yükseliş ve Çöküşleri, Ankara: Türkiye İş Bankası, 1994, s. 19.
[17] İngiltərə’nin ilk öncə məşhur East-İndia Company ticarət şirkətini Hindistan’a göndərməsi, 1803’də bu şirkətin 290 min əsgərlik özəl orduya sahib olması, 1858’də nəhayət Babürlər Dövləti’nin (Moğol İmperatorluğu’nun) birbaşa kral idarəsi altına keçməsi bilinən tarixi faktdır.
[18] Xəritə Paul Kennedy’nin Büyük Güçlerin Yükseliş ve Çöküşleri kitabının 5. səhifəsindəki On Altıncı Yüzyılda Dünya Güç Merkezleri adlı 1. xəritədən alınmışdır. Qırmızı cizgilər Türk Dünyası siyasi hakimiyyət sahəsini açıq şəkildə göstərmək üçün orijinal xəritəyə əlavə edilmişdir.
[19] Mövzu haqqında zəngin ədəbiyyat mövcuddur. Ayrıntılar için bəzilərini təqdim edirik: Taha Akyol, Osmanlı’da ve İran’da Mezhep ve Devlet, İstanbul: AD Kitapçılık AŞ, 1999; Nesib Nesibli, ‘Osmanlı Safevi Savaşları, Mezhep Meselesi ve Azerbaycan’, Türkler, Ankara: Yeni Türkiye yayınları, 2002, s. 893-898; Abdullah Gündoğdu, ‘Türklerde Devlet’, Türk Kültürü El Kitabı, Ankara: Grafike, 2015, s. 303-325; Mehmet Dağlar, İran’da Kızılbaşlıktan Şiiliğe Geçiş, İstanbul: Önsöz Yayıncılık, 2019;
[20] Əsər 1920’lərin başında hazırlanmış, ölümündən sonra yayınlanmışdır. Ahmed Ağaoğlu, İran ve İnkılabı, Ankara, 1941, s. 7-8.
[21] Yenə orada, s.11.
[22] Yenə orada, s. 11-12.
[23] Yenə orada, s. 12-13.
[24] Yenə orada, s. 13.

Nəsib Nəsibli, Azərbaycanın İrandakı keçmiş səfiri, professor

Paylaş: