Xəbər axtarın

Son axtarış nəticələri:

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti BƏRPA OLUNUR - RƏSMİ

19.05.2026 10:00

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti BƏRPA OLUNUR - RƏSMİ

Azərbaycan və Gürcüstan mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.

Primeinfo.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən bildirir.

Məlumata görə, bununla bağlı razılıq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində əldə olunub:

“Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin WUF13-də iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində Azərbaycan və Gürcüstan iqtisadiyyat, enerji və bağlantı sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş hərtərəfli sazişlər toplusunun imzalanması ilə strateji tərəfdaşlıqlarını bir daha təsdiqləyiblər. İmzalanma mərasimi 18 may 2026-cı ildə Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Baş naziri cənab İrakli Kobaxidzenin iştirakı ilə baş tutub.

Hər iki lider imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini, xüsusən də Azərbaycan və Gürcüstanın bir çox ölkələr üçün bağlantı habı kimi mühüm rolunu və bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

İmzalanmış sənədlərə Gürcüstana təbii qazın təchizatı, Azərbaycan təbii qazının beynəlxalq bazarlara əlavə təchizatı üçün tranzit razılaşmalarının davam etdirilməsi, Gürcüstana elektrik enerjisinin tədarükü və Gürcüstan ərazisindən Türkiyəyə elektrik enerjisinin tranziti haqqında hökumətlərarası sazişlər, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində aparılan modernləşdirmə işlərinin yekun qəbulu və tamamlanmasını təsdiqləyən Koordinasiya Şurasının Protokolu daxildir.

Yuxarıda göstərilən hökumətlərarası sazişlərin həyata keçirilməsi üçün hər iki ölkənin müvafiq dövlət enerji şirkətləri 15 oktyabr 2026-cı il tarixindən gec olmayaraq, bağlanacaq müqavilələrin başlıca kommersiya parametrlərini müəyyən edən Əsas Şərtləri imzalayıb.

Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “SOCAR Midstream Operations” MMC (SMO) və Gürcüstan Neft və Qaz Korporasiyası (GOGC) arasında Qərb Marşrutu İxrac Boru Kəmərinin Gürcüstan hissəsinin, o cümlədən Supsa Neft Terminalı və əlaqəli infrastrukturun istismar şərtlərini müəyyən edən Əməliyyat Sazişi üzrə Əsas Şərtlər imzalanıb.

Koordinasiya Şurasının Protokolu, həmçinin, müvafiq dəmir yolu infrastrukturunun dəmir yolu xəttinin idarə olunmasına nəzarət etmək üçün BTKI Dəmir Yolları MMC Birgə Müəssisəsinə ötürülməsini rəsmiləşdirib ki, bu da regional bağlantının gücləndirilməsində mühüm addımdır.

Tərəflər əlavə olaraq 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəlib”.

Paylaş: