Paytaxtın Yasamal rayonunda velosiped oğurluqlarında şübhəli bilinən iki qardaş saxlanılıb. Primeinfo.az xəbər verir ki, polisə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 34 yaşlı N.Mehdizadə və onun qardaşı D.Mehdizadə saxlanılıblar. Araşdırmalar zamanı müəyyən edilib ki, onlar rayon ərazisində yerləşən yaşayış binalarında mənzillərin qarşısından ümumi dəyəri 3500 manat olan 7 ədəd velosiped oğurlayıblar.
Salyanda 5 kiloqram narkotik vasitə aşkarlanıb. Bu barədə Primeinfo.az-a Daxili işlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Fikrət Abbasov saxlanılıb.
İyunun 2-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 31 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 187, o cümlədən borclu şəxs qismində axtarışda olan 146, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 və dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqəli 26 fakt müəyyən edilib.
Daxili İşlər Nazirliyində (DİN) vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib. DİN-in Mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, görüşdə hüquq-mühafizə və məhkəmə institutları arasında formalaşmış səmərəli əməkdaşlıq, qanunun aliliyinin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi müzakirə olunub. Qeyd olunub ki, bu təmasların praktiki məsələlərlə bağlı hakimlərin məlumatlılığının artmasına hüquq sisteminin daha da təkmilləşdirilməsinə töhfə verir.
İyunun 1-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 164, o cümlədən borclu şəxs qismində axtarışda olan 129, məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 və dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib.
Hacıqabulda oğurluq edən iki nəfər həbs edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlrər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Mahir Abdullayev və Sahil Məmmədov saxlanılıblar.
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin paytaxt və bölgələrdə keçirdiyi əməliyyatlar zamanı əvvəllər məhkum olunmuş 4 nəfər saxlanılıb. Primeinfo.az xəbər verir ki, Bakı, Sumqayıt və Masallıda keçirilən tədbirlərlə Əliağa Nağıyev, Cavid Ağasıyev, Mikayıl Xudaşov və Hikmət Hüseynov tutulublar. Onlardan 40 kq tiryək, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, 500 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib. Ədliyyə Nazirliyndən Primeinfo.az-a daxil olan məlumata görə, nazirliyin Penitensiar xidmətinin əməliyyat aparatının DİN-in müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivi ərazisində gizlədilmiş 1 ədəd “AKS-74U” markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 5.45 millimetrlik güllə aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Qaxda dörd kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 53 yaşlı Zaza Poladaşvili saxlanılıb.