Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində 2004-cü il təvəllüdlü Murad Azad oğlu Yarıyev xilas edilib, 1 nəfərin isə meyiti (qadın cinsli) suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən Primeinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Göyçayda maşın su kanalına aşıb, 84 yaşlı kişinin meyiti tapılıb. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu tərəfindən 1942-ci il təvəllüdlü Osmanov Ağalar Şamil oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib. Primeinfo.az”Qaynarinfo”ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə daxili xidmət polkovnik-leytenantı Hikmət Əliyev sözügedən vəzifəyə təyin olunub. Qeyd edək ki, polkovnik-leytenantı Hikmət Əliyev bundan əvvəl DYNX-nın Şimal Regional Dövlət Yanğın Nəzarəti idarəsinin rəisi vəzifəsində çalışıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonunun İstisu qəsəbəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə vətəndaşların itkin düşməsi barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub. Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində çətin keçidli dağlıq-meşəlik ərazidə yolunu azaraq itkin düşən 8 nəfərin yeri müəyyən edilərək xilas edilib.
Bilgəhdə 4 gün əvvəl dənizdə batan şəxsin meyiti tapılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir. İyunun 21-də Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan – 2005-ci il təvəllüdlü Adnayev Vüqar Şahin oğlunun meyiti batdığı yerdən təxminən 8 km məsafədə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xəzər dənizinin Mərdəkan qəsəbəsi ərazisindəki nəzarətsiz sularda batan 4 nəfərdən sonuncusun da meyiti tapılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun meyiti tapılaraq yaxınlarına təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Primeinfo.az xəbər verir ki, Nazirlik Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən bildirib ki, iyunun 24-ü axşamdan 29-dək ölkənin ayrı-ayrı ərazilərində intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. Bununla əlaqədar FHN vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə batan şəxslərdən ikisinin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl olunması ilə bağlı vətəndaşlara növbəti dəfə müraciət edib. Nazirlikdən Primeinfo.az-a bildirilib ki, aparılan geniş maarifləndirmə işlərinə, eləcə də küləkli hava şəraitində və qeyri-çimərlik ərazilərdə çimməyin təhlükəsi barədə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşların təhlükəsizlik qaydalarına laqeyd yanaşması ağır nəticələrə səbəb olur. Qeyd olunub ki, paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən və “Daçnik” kimi tanınan nəzarətsiz ərazidə, küləkli hava şəraitində baş vermiş son sudabatma hadisəsi təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyini bir daha göstərir.