Xəbər axtarın

Son axtarış nəticələri:

"Bakı qlobal davamlı şəhərsalma dialoqunun aparıldığı əsas platformalardan birinə çevrilib" - Anaklaudia Rossbax

18.05.2026 10:43

"Bakı qlobal davamlı şəhərsalma dialoqunun aparıldığı əsas platformalardan birinə çevrilib" - Anaklaudia Rossbax

Davamlı inkişaf məqsədlərinə nail olmaq üçün şəhərlər inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı olmalıdır. Bu forumun əsas mesajı aydındır: mənzil məsələsi torpaq idarəçiliyi, əsas xidmətlər, iqlim fəaliyyəti, icma inkişafı və iqtisadi imkanlarla inteqrasiya olunmuş şəhər həllərinin mərkəzində dayanmalıdır.

Primeinfo.az xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ikinci günü təşkil olunan mətbuat konfransında səsləndirib.

Anaklaudia Rossbax bildirib ki, Bakı qlobal davamlı şəhərsalma dialoqunun aparıldığı əsas platformalardan birinə çevrilib. WUF13 urbanizasiya sahəsində qlobal yanaşmaların yenidən nəzərdən keçirilməsi baxımından mühüm mərhələdir.

Anaklaudia Rossbax vurğulayıb ki, forumun Bakıda keçirilməsi Azərbaycanın dayanıqlı şəhər inkişafı üzrə qlobal dialoqun təşviqində və regionlararası əməkdaşlığın gücləndirilməsində rolunu əks etdirir.

“WUF13 indiyədək UN-Habitat tərəfindən təşkil olunan ən böyük forumdur. Tədbirdə 182 ölkədən 41 mindən çox iştirakçı, o cümlədən dövlət başçıları, nazirlər, merlər, BMT rəsmiləri, biznes, akademik dairələr və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir”, – deyə o qeyd edib.

İcraçı direktor bildirib ki, UN-Habitat hökumətlərlə və tərəfdaşlarla birgə daha güclü siyasətlərin formalaşdırılması, effektiv institutların qurulması və real nəticələr verən həllərin tətbiqi istiqamətində fəaliyyət göstərir: “Bununla belə, siyasət məqsədləri ilə onların icrası arasında hələ də ciddi fərq mövcuddur. WUF13 dialoqdan əməli fəaliyyətə keçidi təmin edən platformadır. Forum çərçivəsində altı yüksəksəviyyəli dialoq, 370-dən çox tərəfdaş tədbiri və 130-dan artıq sərginin təqdim olunduğu Qlobal Şəhər Ekspo təşkil edilir. Builki forum çərçivəsində “Practice Hub”, “WUF Academy” və “Business and Innovation Hub” kimi yeni təşəbbüslər təqdim olunur. Bu platformalar innovativ həllərin yayılması, bacarıqların inkişafı və mənzil və şəhərsalma sahəsində bazara hazır layihələrin təşviqinə xidmət edir”.

O əlavə edib ki, forum siyasi dialoqun gücləndirilməsinə də töhfə verir. Xüsusilə nazirlər səviyyəsində keçirilən müzakirələr Yeni Şəhər Gündəliyinin növbəti mərhələsinin formalaşdırılmasına imkan yaradacaq.

“Şəhərlər artıq liderlik nümayiş etdirir. Dünyanın müxtəlif yerlərində qeyri-rəsmi yaşayış məntəqələrinin yenilənməsi, xidmətlərin genişləndirilməsi və iqlim dayanıqlığının artırılması istiqamətində praktik həllər tətbiq olunur. Problem həll yollarının olmaması deyil, onların tətbiq sürəti və miqyasıdır”, – deyə icraçı direktor vurğulayıb.

Onun sözlərinə görə, qlobal məqsədlərə nail olmaq üçün şəhərlərin və icmaların gücləndirilməsi vacibdir. Müasir urbanizasiya çağırışlarının miqyası və mürəkkəbliyi nəzərə alınaraq tərəfdaşlıq xüsusi əhəmiyyət daşıyır.

Anaklaudia Rossbax əlavə edib ki, WUF13 öhdəliklərin konkret fəaliyyətə çevrilməsi üçün mühüm fürsətdir. Forum “Bakı Fəaliyyətə Çağırışı” sənədinin qəbulu ilə yekunlaşacaq: “Bu sənəd inklüziv, dayanıqlı və davamlı şəhərlərin inkişafı istiqamətində ortaq baxışı və kollektiv öhdəlikləri əks etdirəcək”.

 

Paylaş: