
Krımın ən böyük iki yanacaqdoldurma məntəqəsi şəbəkəsi olan TES və ATAN bu gümdən etibarən AI-95 benzininin sərbəst satışını dayandırıb.
Primeinfo.az xəbər verir ki, məlumatı qondarma respublikanın “rəhbəri” Sergey Aksyonov açıqlayıb: “31 maydan etibarən AI-95 benzini Krım Respublikasında bələdiyyə və sosial nəqliyyat üçün prioritet olaraq, eləcə də kuponla həcm məhdudiyyəti olmadan satılacaq. Lakin AI-95 benzini ATAN və TES yanacaqdoldurma məntəqələrində yalnız kuponla satılacaq”.
Həmçinin yarımadada Aİ-92 benzininin satışına məhdudiyyət qoyulub: bu gündən etibarən avtomobilbaşına yalnız 20 litr həcmində satılacaq; bidonlarda yanacaq doldurmaq qadağandır.
Aksyonovun sözlərinə görə, vəziyyətin 30 gün ərzində normallaşacağı gözlənilir.
Qondarma “Krım Yanacaq və Energetika Nazirliyi”nin veb saytında bildirilir ki, Aİ-92, Aİ-95 və dizel yanacağının bazar günü Moskva vaxtı ilə səhər saat 8:00-dan etibarən Simferopol, Kerç, Yalta, Krasnoperekopsk və Simferopol rayonundakı yeddi yerdə Formula yanacaqdoldurma məntəqələrində (OOO Tavridonefteprodukt) satışa çıxarılacağı gözlənilir.
Mayın 29-da Krım rəhbəri yanacaqdoldurma məntəqələrində Aİ-95 benzininin satışını hər müştəri üçün gündə 20 litrlə məhdudlaşdırdığını elan edib. Mayın 22-də logistika çətinlikləri səbəbindən Sevastopolda yanacaqdoldurma məntəqələrində yanacaq satışına məhdudiyyətlər tətbiq edilib.
Qeyd edək ki, Krımdakı yanacaq böhranı Ukraynanın ərazidə yanacaq anbarlarına zərbələri, həmçinin yarımadaya gedən quru yoluna dronlar vasitəsilə nəzarət yaratması ilə bağlıdır.