
Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatını qəbul edib.
Primeinfo.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, 2025-ci ildə insan alveri (15), seksual xarakterli hərəkətlərə məcbur etmə, uşaq pornoqrafiyasının dövriyyəsi, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma, fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamaya görə yerli axtarışda olan 31 (+1) təqsirləndirilən şəxsdən 15-i (-1), o cümlədən 3 (sabit) insan alverçisi tutulub.
Hesabat ilində müəyyən edilmiş 46 (-45) insan alveri qurbanının hamısı Azərbaycan vətəndaşı olmaqla (qadınlar) 33-ü Türkiyə, 10-u Birləşmiş Ərəb Əmirlikləri, 3-ü Pakistanda cinsi istismara məruz qalıb.
Qurbanlardan 4-ü 18-25 yaş arası, 28-i 25-35 yaş arası, 14-ü 35 yaşdan yuxarı yaş həddində olub.
Zərərçəkmişlərin hər birinə 700 manat məbləğdə birdəfəlik müavinət ödənilib. Daxili İşlər Nazirliyinin müvafiq Kömək Fondunun hesabına insan alverindən zərər çəkmiş 40 və insan alverindən zərər çəkməsi ehtimal olunan 5 şəxsə 3 350 manat məbləğdə maddi yardım edilib. 23 qurbanın ailələrinə qayıtmasında köməklik edilib. Qurbanların uşaqları da diqqətdə saxlanılaraq 11-nə doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi alınmasında, 8 uşağın isə alimentlə təmin olunmasında köməklik göstərilib.
2025-ci ildə insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 198 (-8; onlardan 57-si informasiya texnologiyalarının tətbiqi ilə törədilib), o cümlədən 152 (-9) insan alveri, eləcə də insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə görə 45 (+1) cinayət müəyyən edilib.
İnsan alveri cinayətlərinin 97 faizi açılıb, 6 şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri ilə 2 cinayətkar qrup zərərsizləşdirilib.
Həmin hüquqazidd əməllərlə əlaqədar 10 (-5) cinayət işi başlanılıb (bir cinayət işinin istintaqı çərçivəsində 20-dək faktın istintaqı aparılıb), 8 cinayət işi üzrə 10 şəxs (9-u qadın) təqsirləndirilən qismində cəlb olunub, 12 nəfər (11-i qadın) məhkəmə məsuliyyətinə verilib.
Məhkəmələr tərəfindən 14 insan alverçisi (2-i keçmiş illərdən olmaqla 4 kişi, 10 qadın, onlardan 3-ü şərti) azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 10 (-1) şəxsin “Interpol” kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.
Onlardan 7-nin Türkiyədə, 1-nin Pakistanda, 1-nin Rusiya Federasiyasında, 1-nin Birləşmiş Ərəb Əmirliklərində gizləndiyi ehtimal olunur.
Müzakirələrdən sonra qərar layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.