
Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir.
Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə iki məmura istinadən “Politico” nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-yə daxil olmaq üçün qoyulan tələbləri yumşaltmadan genişlənmə prosesini sürətləndirmək yollarını axtarırlar. Rəsmilərin sözlərinə görə, bu təkliflər Avropa Komissiyasının namizədlərin “mərhələli inteqrasiyası” strategiyasının bir hissəsidir. Dövlətlərin üzvlük müraciətlərinə baxıldığı müddətdə islahatlar həyata keçirildikcə onlara daha geniş hüquqların verilməsi nəzərdə tutulur.
“Politico”nun məlumatına əsasən, müzakirə olunan üstünlüklər siyahısına Aİ-nin bəzi maliyyələşdirmə proqramlarında iştirak, güzəştli ticarət müqavilələri və ittifaqa qəbuldan əvvəl vahid bazara qismən çıxış daxildir. Bununla yanaşı, hər bir namizəd ölkənin özünəməxsus üstünlüklər paketi olacaq. Məmurlardan birinin bildirdiyinə görə, güzəştlərə çıxış hər bir ölkənin Aİ qaydalarına nə dərəcədə uyğun gəlməsindən və nə qədər islahat aparmasından asılı olaraq fərdi şəkildə təmin ediləcək.
Kütləvi informasiya vasitəsinin izahına görə, bu yanaşmanın məqsədi namizəd ölkələrə Aİ yolunda qalmağa kömək etmək və eyni zamanda, onlara islahatların aparılması üçün stimullar təqdim etməkdir. Qeyd olunub ki, mərhələli inteqrasiya dövlətlərə Aİ-yə daxil olmağa ehtiyac qalmadan üzvlüklə eyni olan iqtisadi faydalar təklif edə bilər. Məqalədə vurğulanır ki, bu təklif əvvəlki planlarla müqayisədə artıq daha çox siyasi dəstək qazanıb.
“Müəyyən paralel, lakin zəruri iqtisadi inteqrasiyaya ehtiyac var. “Daha çox şey müqabilində daha çoxu” prinsipi yaxşı sınaqdan keçirilib və digərlərindən daha yaxşı nəticələr əldə edən namizədləri dəstəkləmək üçün qəbul edilməlidir”, – deyə genişlənmə strategiyasını hazırlayan Avropa Parlamentinin litvalı deputatı Pyatras Auştryaviçyus bəyan edib.
“Politico” xəbər verir ki, Avropa Komissiyası bu təşəbbüsün Aİ ölkələrinin paytaxtları tərəfindən dəstəklənməsinə nail olmaq niyyətindədir. Rəsmilər liderlərin oktyabr və ya dekabr aylarında keçiriləcək Avropa Şurasının iclasında daha geniş proqram üzərində işi təsdiqləyəcəklərinə ümid edirlər.
“Bu yanaşma həm də güclü siyasi dəstəyə baxmayaraq, sürətli üzvlük vədləri olmadan Aİ-yə daxil olması, yəqin ki, illər çəkəcək Ukrayna kimi namizəd ölkələrin prosesə tam cəlb olunmasını təmin etmək məqsədi daşıyır”, – deyə mətbuat orqanı yazır.