
İyunun 15-də Super Təzə Ay (Super New Moon) müşahidə olunacaq.
Bu barədə Primeinfo.az-a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Bildirilib ki, bu hadisə Ayın həm Təzə Ay fazasında olması, həm də Yerə minimum məsafəyə – perigey nöqtəsinə çox yaxın yerləşməsi ilə xarakterizə olunur.
Ay iyunun 15-i Bakı vaxtı ilə saat 03:19-da perigey nöqtəsindən keçəcək, bu zaman onun Yerə qədər məsafəsi 357 195 km olacaq. Cəmi bir neçə saat sonra, saat 06:56-da Ay Təzə Ay fazasına daxil olacaq. Perigey ilə Təzə Ay arasındakı zaman fərqi təxminən 3 saat 37 dəqiqə təşkil etdiyindən, bu hadisə astronomiyada Super Təzə Ay adlandırılır.
Qeyd edək ki, indiyədək qeydə alınan ən yaxın Super Təzə Ay hadisələrindən biri 22 yanvar 2023-cü ildə baş verib. Bu zaman Ay Yerə təxminən 356 568 km məsafəyə qədər yaxınlaşıb.