
Amerika hərbçiləri İrana təxminən 90 hədəfin vurulduğu növbəti zərbələr dalğasını başa çatdırıb.
Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.
“CENTCOM qüvvələri İrana qarşı Hörmüz boğazında ticarət gəmilərinə və günahsız mülki dənizçilərə hücum etmək imkanlarını daha da zəiflərmək məqsədilə əlavə zərbələr endirib. ABŞ qüvvələri İranın təxminən 90 hərbi hədəfinə zərbə endirib”, – məlumatda deyilir.
Komandanlığın məlumatına görə, zərbələrin endirildiyi hədəflər arasında hava hücumundan müdafiə sistemləri, sahil müşahidə sistemləri, raket və dron saxlama yerləri olub.
Xuzistan Valiliyi bu gün səhər saatlarında Əhvaz ətrafında yerləşən bir məntəqəyə edilən hücum nəticəsində 3 nəfərin həlak olduğunu, bir neçə nəfərin isə yaralandığını açıqlayıb. Yaralıların müalicəsi və onlara yardım göstərilməsi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, ötən gecə və bu gün İranın müxtəlif bölgələri ABŞ tərəfindən hücuma məruz qalıb.
Bu barədə CENTCOM “X” sosial şəbəkəsindəki hesabında xəbər verib.
“Ali Baş Komandanın göstərişi ilə CENTCOM qüvvələri Hörmüz boğazında gəmiçilik azadlığını təhdid etmək qabiliyyətini daha da zəiflətmək üçün İrana qarşı əlavə zərbələr endirməyə başlayıblar”, – paylaşımda bildirilib.
Hücumlar nəticəsində ölənlər və yaralananlar olub, həmçinin maddi ziyan dəyib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar ölkənin ən böyük neft ixracı terminallarından birinin yerləşdiyi İranın Xarq adasını nəzarətə götürə bilər.