Xəbər axtarın

Son axtarış nəticələri:

ADY Bakı Dəmiryol Vağzalında “Kitab Dayanacağı” layihəsinə start verib - VİDEO

01.07.2026 15:25

ADY Bakı Dəmiryol Vağzalında “Kitab Dayanacağı” layihəsinə start verib - VİDEO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı Dəmiryol Vağzalında “Kitab Dayanacağı” layihəsinə start verib.

Primeinfo.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.

Məlumata görə, layihə sərnişinlərin gözləmə və səfər vaxtını daha maraqlı, faydalı və mənalı keçirməsi məqsədilə həyata keçirilir.

Bildirilib ki, Bakı Dəmiryol Vağzalının gözləmə zalında fəaliyyət göstərən “Kitab Dayanacağı”nda müxtəlif dillərdə və janrlarda təqdim olunan kitablardan qeydiyyat və ödəniş etmədən istifadə etmək mümkündür. Sərnişinlər kitabı gözləmə zalında və ya səfər zamanı oxuya, daha sonra isə digər oxucuların da faydalanması üçün onu yenidən “Kitab Dayanacağı”na və ya qatar bələdçisinə təhvil verə bilərlər.

ADY oxucuları layihəyə töhfə verməyə dəvət edib. Belə ki, vətəndaşlar oxuduqları və başqalarına tövsiyə etdikləri kitabları Bakı Dəmiryol Vağzalındakı Məlumat Mərkəzinə təhvil verməklə və ya qurumla birbaşa əlaqə saxlayaraq layihəyə əlavə edə bilərlər.

Qurum kitabların hər kəs üçün nəzərdə tutulduğunu vurğulayaraq, sərnişinləri onlara qayğı ilə yanaşmağa və növbəti oxucular üçün qoruyub saxlamağa çağırıb.

 

Paylaş: