Xəbər axtarın

Son axtarış nəticələri:

Hakan Fidan Kiyevdən dünyaya SƏSLƏNDİ: Savaşın Qara dənizə yayılmasını istəmirik

16.07.2026 13:01

Hakan Fidan Kiyevdən dünyaya SƏSLƏNDİ: Savaşın Qara dənizə yayılmasını istəmirik

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya səfəri çərçivəsində xarici işlər naziri Andriy Sibiqa ilə görüşüb.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN başçıları görüşdən sonra mətbuat konfransı keçiriblər.

Hakan Fidan bildirib ki, Türkiyə şirkətləri davam edən müharibəyə baxmayaraq, Ukraynadakı fəaliyyətlərini davam etdirir: “Türkiyə şirkətləri Ukraynanın yenidən qurulması, eləcə də müharibədən sonrakı bərpa və iqtisadi inkişaf proseslərinə töhfə verəcək”.

Türkiyənin XİN rəhbəri münaqişənin yayılması riskinin hələ də ciddi təhdid olaraq qaldığını deyib. O, Qara dənizin təhlükəsizliyini təhdid edən hadisələrin narahatlıqları daha da artırdığını qeyd edib:

“Biz müharibənin Qara dənizə yayılmasını istəmirik. Qara dənizdə sabitliyin qorunması vacibdir. Limanların, tankerlərin və balıqçı qayıqlarının hədəfə alınması, mülki şəxslərin həyatının riskə atılması qəbuledilməzdir. Bütün tərəflər təmkinli və məsuliyyətli davranmalıdır”.

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bildirib ki, Türkiyə yeni sülh təşəbbüslərində mühüm rol oynaya və Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüş üçün məkan ola bilər: “İndi danışıqlar masasına əyləşməyin, diplomatiyadan maksimum istifadə etməyin və bu müharibəyə son qoymağın vaxtıdır”.

Nazirin sözlərinə görə, Ukraynanın müharibənin başa çatdırılması ilə bağlı real təklifləri var, ölkə atəşkəsə hazırdır və tərəfdaşların iştirakı ilə diplomatik səyləri dəstəkləyir.

Sibiqa qeyd edib ki, Ukrayna Müdafiə Qüvvələrinin uğurları Kiyevin danışıqlardakı mövqeyini daha da gücləndirir.

Paylaş: