
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya rəsmi səfəri çərçivəsində Krım tatar icmasının nümayəndələri ilə bir araya gəlib.
Primeinfo.az xəbər verir ki, o, Krım tatar türklərinin milli lideri, Ukrayna parlamentinin deputatı Mustafa Cəmiloğlu və Krım Tatar Milli Məclisinin (KTMM) sədri Refat Çubarov ilə görüşüb.
Türkiyənin mövqeyi xüsusi əhəmiyyət daşıyır
Mustafa Cəmiloğlu görüşdən sonra “Kırım” xəbər agentliyinə (QHA) açıqlamasında bildirib ki, əsas müzakirə mövzusu Rusiyanın işğalı altında olan Krımda yarana biləcək humanitar böhran ssenariləri olub.
O, Türkiyə tərəfinə narahatlıqlarını çatdırdıqlarını qeyd edib:
“Əgər işğal altındakı Krımda aclıq başlasa və humanitar böhran dərinləşsə, bunun nəticələri necə idarə olunacaq? Biz Rusiyanı yaxşı tanıyırıq. Belə vəziyyətdə Moskvanın təzyiqləri daha da artacaq”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, belə bir vəziyyət yaranacağı təqdirdə Türkiyənin hansı mövqe tutacağının Rusiya Prezidenti Vladimir Putinə və onun ətrafına əvvəlcədən açıq şəkildə çatdırılması böyük əhəmiyyət kəsb edir.
Krımsız atəşkəs bizim üçün qəbuledilməzdir
M.Cəmiloğlunun sözlərinə görə, hazırkı dövrdə Krımın Rusiya işğalından azad edilməsi üçün mühüm imkanlar mövcuddur və yarımadanın işğal altında qalacağı hər hansı atəşkəs variantı Krım tatarları üçün qəbul edilə bilməz.
Onun sözlərinə görə, Krım tatarları işğal altında yaşamağa davam edərsə, onların gələcəyi təhlükə altına düşəcək.
“Onlar ya Krımı tərk etmək məcburiyyətində qalacaqlar, ya da sistemli ruslaşdırma siyasətinə məruz qalacaqlar. Buna görə də Krımın gələcəyi bizim üçün həyati əhəmiyyət daşıyır”, – deyə Cəmiloğlu bildirib.
O əlavə edib ki, işğal dövründə Krıma köçürülən Rusiya vətəndaşları ilə bağlı məsələ də görüşdə müzakirə olunub və bu məsələdə Türkiyənin mövqeyi xüsusi önəm daşıyır.
Siyasi məhbusların vəziyyəti müzakirə edilib
Görüşdə Rusiya tərəfindən həbsdə saxlanılan Krım tatarı siyasi məhbusların vəziyyətinin də ətraflı müzakirə olunub. Hazırda həbsdə olan 372 Ukrayna vətəndaşının yarıdan çoxu Krım tatarıdır.
“Bu insanların azadlığa necə qovuşdurula biləcəyini müzakirə etdik”, – deyə o qeyd edib.
Cəmiloğlu xatırladıb ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin də vurğuladığı kimi, əsir mübadiləsində əsas problemlərdən biri Rusiyanın Krım tatarı siyasi məhbusları mübadilə siyahılarına daxil etməməsidir.
O, Ukraynanın Ankaradakı səfiri Nariman Cəlalın azadlığa buraxılması prosesini nümunə göstərərək bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı ən azı üç dəfə Vladimir Putinlə birbaşa danışıq aparıb. Nariman Cəlalın adı BMT, Avropa İttifaqı, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasında dəfələrlə gündəmə gətirilib və nəticədə o, 2024-cü ildə azadlığa buraxılıb.
“Biz hər bir siyasi məhbusun azad edilməsi istiqamətində fəaliyyətimizi davam etdiririk. Lakin qarşıda həllini gözləyən çoxlu məsələlər var. Bu baxımdan Türkiyənin rolu son dərəcə önəmlidir. Digər ölkələrin çağırışları Rusiya tərəfindən nəzərə alınmaya bilər. Ancaq Prezident Rəcəb Tayyib Ərdoğanın bu məsələdə mövqeyi böyük əhəmiyyət daşıyır”, – deyə o bildirib.
Dünya Krım Tatar Konqresi yenidən Türkiyədə keçirilə bilər
M.Cəmiloğlu görüşdə Dünya Krım Tatar Konqresinin yenidən Türkiyədə keçirilməsi məsələsinin də müzakirə olunduğunu açıqlayıb.
Onun sözlərinə görə, konqres sonuncu dəfə 2015-ci ildə Ankarada təşkil edilib və növbəti toplantının da yenidən Türkiyədə keçirilməsi planlaşdırılır.







